MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının 95 illiyinə həsr olunmuş konsert
Bakı, 16 fevral, AZƏRTAC
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) əməkdar incəsənət xadimi, professor Tərlan Seyidovun fortepiano sinfinin tələbələrinin konserti keçirilib.
Konsert bu il qeyd olunan Bakı Musiqi Akademiyasının 95 illik yubileyinə həsr olunan tədbirlərdən birincisidir.
BMA-nın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova AZƏRTAC-a bildirib ki, pianoçuların repertuarına zəngin və geniş üslub diapazonlu proqram daxildir (barokko dövründən XX əsrin musiqisinə qədər). Konsert proqramına həm solo əsərlər – Frederik Şopen və Edvard Qriqin sonataları, Moris Ravelin sonatinası, Ferens Listin İ.S.Baxın orqan fantaziya və fuqasının transkripsiyası, eyni zamanda da ansambl əsərləri – Robert Şuman və Sergey Prokofyevin fortepiano konsertləri daxil idi.
Proqram magistratura şöbəsinin tələbələri, beynəlxalq və respublika müsabiqələr laureatları Tamara Xəlilova, Anna Biryukova, Firuzə Nəcəfli, Kamran Əliyev və üçüncü kurs tələbəsi Nigar Hüseynzadənin ifalarında təqdim olunub. Konsertdə həm də Tərlan Seyidovun keçmiş tələbələri – beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və professorun assistenti Nuranə Zeynalova iştirak ediblər.
Yüksək səviyyədə təşkil olunmuş konsert alqışlarla qarşılanıb.