Bakı Musiqi Akademiyasının tələbələri “Harmony” beynəlxalq müsabiqəsində uğur qazanıblar
AzerTAg.az
Bakı, 14 may, AZƏRTAC
Türkiyənin Antalya şəhərində keçirilən “Harmony” beynəlxalq müsabiqəsi hər il dünyanın hər yerindən ən yaxşı peşəkar gənc ifaçıları bir araya gətirir. Müsabiqənin yubiley ili bu dəfə də istisna olmadı. Müsabiqə iştirakçılarının ifaçılıq ixtisasları ilə bağlı müxtəlif nominasiyalarda Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, İran, Litva, Ermənistan və təbii ki, Azərbaycan kimi ölkələr təmsil olunub.
AZƏRTAC xəbər verir ki, müsabiqə vokal, fortepiano və fortepiano dueti olmaqla üç kateqoriya üzrə təqdim olunub.
Son dərəcə sevindirici haldır ki, bu üç əsas nominasiyanın hər birində Azərbaycan musiqiçiləri nüfuzlu beynəlxalq musiqi məkanında yüksək milli ifaçılıq ənənələri nümayiş etdirərək böyük uğur qazanıblar. Müsabiqənin nəticələrinə görə, fortepiano nominasiyası üzrə l yer Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Zəhra Cahan Şıxəliyeva və Rəşad Ağayev arasında bölüşdürülüb. Müsabiqədə ikinci yeri BMA-nın tələbələri Elmar Hüseynov və Nərmin İbrahimova, III yeri isə BMA-nın tələbəsi Arian Qəhrəmani (İran) və Sumqayıt şəhər musiqi məktəbinin şagirdi Aytac Vəlizadə tutublar.
Müsabiqənin nəticələrinə görə fortepiano dueti nominasiyasında ölkəmizdən olan 2 duet - Bakı Musiqi Akademiyasının müəllimləri Sevda Məmmədli və Vüsalə Babayeva, həmçinin BMA-nın tələbələri Cəmalə Abdinzadə və Əzizə Ağazadə öz aralarında birinci yeri bölüşüblər. Vokal nominasiyasında da uğur Azərbaycan təmsilçisi, BMA-nın tələbəsi Aqşin Xudaverdiyevə nəsib olub.
Bu mötəbər beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvlərindən biri də BMA-nın Tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva olub.

Xəbərin mətnində orfoqrafik səhv var