MƏDƏNİYYƏT
Bakı Musiqi Akademiyasının tələbələrinin ifası Baronessa Nikolsonda böyük maraq doğurub
Bakı, 2 dekabr, AZƏRTAC
Ölkəmizdə işgüzar səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, Böyük Britaniyanın Bakıdakı səfiri xanım Karol Krofts və “British Council” təşkilatının direktoru Elizabet Vayt Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) olublar.
Akademiyadan AZƏRTAC-a bildirilib ki, ali sənət ocağında qonaqlar akademiyanın rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli ilə görüşüblər. Görüşdə Azərbaycan musiqi mədəniyyəti və musiqi sahəsində qarşılıqlı təhsil əlaqələrindən söz açılıb.
Daha sonra BMA-nın tələbələri konsert proqramı ilə çıxış ediblər. Konsertdə Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyaları səsləndirilib. Konsert proqramı qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, Baronessa Nikolson, həm də piano ifaçısı kimi tanınır.