İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Mərkəzi Bank tərəfindən cərimə, vergi, rüsum, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasının təşkili məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”nın əhatə dairəsinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdirilir.
Azərbaycan Mərkəzi Bankından AZƏRTAC-a bildirilib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) ilə birgə fəaliyyət nəticəsində təşkilatın daxili informasiya resursu portala inteqrasiya olunub, dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə tətbiq edilən cərimələr üzrə ödənişlərin portal vasitəsilə qəbul edilməsi təmin edilib.
Artıq BNA tərəfindən cərimə olunan vətəndaşlar və hüquqi şəxslər “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunmuş 30 bankın və “Azərpoçt” MMC-nin 2000-dən çox filial və şöbələrində, 1000-ə yaxın ödəniş terminalında nağd formada, portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən (Android və IOS platformalı) istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada ödənişlərini apara bilərlər.