İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi avtobuslarda qəza hallarının minimuma endirilməsi üçün tələblər hazırlayıb YENILƏNIB VİDEO
Bakı, 12 yanvar, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobuslarda qəza hallarının minimuma endirilməsi üçün tələblər hazırlayıb.
AZƏRTAC xəbər verir ki, yanvarın 12-də Bakı Nəqliyyat Agentliyinin nümayəndələri daşıyıcı şirkətlərlə son zamanlar avtobuslarda baş verən qəza halları ilə bağlı görüş keçirib.
Bakı Nəqliyyat Agentliyinin direktorunun müşaviri Mübariz Abbasov bildirib ki, baş verən qəzalar bir çox səbəblərdən yaranır. Bu səbəblərin aradan qaldırılması üçün BNA tərəfindən tələblər hazırlanıb. Bu tələblər sırasına sürücülərin BNA-nın Sürücü Təlim Mərkəzinə cəlb edilməsi, onların işə götürülməsi barədə agentliyə məlumat verilməsi, avtobusların yenilənməsi, nağdsız ödəniş sisteminə keçirilməsi və istehsalat bazalarının yaradılması daxildir. Avtobusların yenidən təmir edilməsi, yeni avtobusların alınması ilə bağlı da daşıyıcılar qarşısında tələblər qoyulub. Texniki cəhətdən yararlı olan avtobusların sayının az olması qanun pozuntusu baş verdikdə marşrut xəttinin başqa bir daşıyıcıya verilməsi məsələsini çətinləşdirir.
Onun sözlərinə görə, qəza hallarının yaranma səbəblərindən biri də hər avtobusa bir sürücünün təyin olunmasıdır. Lakin hər avtobusa minimum 2 sürücü təyin olunmalı və onlar növbəli şəkildə sərnişinlərə xidmət göstərməlidirlər. Əks təqdirdə sürücü həm psixoloji, həm də fiziki cəhətdən tez yorulur. Bu da qəza hallarının yaranmasına gətirib çıxaran amillərdən biridir.
Həmçinin M.Abbasov qeyd edib ki, Bakı Nəqliyyat Agentliyinin sürücü bazasında qeydiyyatda olan 3008 sürücü barədə Daxili İşlər Nazirliyinə (DİN), Səhiyyə Nazirliyinə və digər aidiyyəti qurumlara sorğu göndərilib. DİN tərəfindən verilən cavaba əsasən 461 sürücünün əvvəllər məhkum olunması aşkarlanıb. BNA öz növbəsində bu məlumatı daşıyıcılara təqdim edib. Daşıyıcılar tərəfindən bu istiqamətdə müvafiq işlər görülür.
BNA rəsmisi diqqətə çatdırıb ki, avtobus sürücülərinin səriştəsizliyi səbəbindən qayda pozuntuları baş verdikdə həmin marşrut xətti üzrə daşıyıcı ilə müqaviləyə xitam veriləcək. Agentlik artıq iki ildir ki, daşıyıcı şirkətlər və marşrut xətləri ilə bağlı araşdırma aparır, statistik göstəricilər əldə edir. Bu araşdırmalara əsaslanaraq BNA 2018-ci ildən daşıyıcılar qarşısında öz tələblərini qəti şəkildə qoyacaq.