İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi dayanma və durma, parklanma qaydaları ilə bağlı sürücülərə müraciət edib

Bakı, 16 yanvar, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi dayanma və durma, parklanma qaydaları ilə bağlı sürücülərə müraciət edib.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində dövlət başçısının müvafiq Fərmanından irəli gələn məsələlərin həlli davam etdirilir. Bakı Nəqliyyat Agentliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində müşahidə kameraları dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesi fasiləsiz rejimdə həyata keçirilir. Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib. Lakin səlahiyyətlərin icrası zamanı bəzi nəqliyyat vasitələrinin sahibləri tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif qanun pozuntularına yol verildiyini müşahidə etmək olar.

Bəzi sürücülər onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nömrələrini müxtəlif vasitələrlə gizlədərək məsuliyyətdən yayınmaq məqsədilə süni maneələr yaradır. Bu hal yol hərəkəti haqqında qanunun tələbinin kobud pozuntusudur. İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, 500 manatdan 800 manatadək məbləğdə cərimə tətbiq edilir.

Bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti üzrə müraciət olunacaq. Sözügedən tədbirlərin həyata keçirilməsində məqsəd paytaxtın küçə və prospketlərində nizam-intizamın yaradılması, rahat və təhlükəsiz hərəkətin, həmçinin ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunmasıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.