İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar xüsusi rejimdə fəaliyyət göstərir
Bakı, 17 yanvar, AZƏRTAC
Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar şəhər nəqliyyatının normal fəaliyyətini təmin etmək və yarana biləcək problemlərin vaxtında aradan qaldırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) xüsusi rejimdə fəaliyyət göstərir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, əvvəlcədən görülən tədbirlər nəticəsində gecə saatlarından hazırkı vaxtadək şəhər nəqliyyatında hər hansı problem müşahidə edilməyib.
Yanvarın 17-si səhər saatlarından bütün müntəzəm marşrut xətləri üzrə avtobusların reysə çıxarılması təmin olunub. Müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb. Bu məqsədlə BNA-nın mobil qrupları Nəqliyyat Mübadilə Mərkəzləri və şəhərin müxtəlif ərazilərində xidmət aparır.
Gecə saatlarından şəhər yollarında işıqforların fəaliyyətində problem müşahidə olunmayıb. Yarana biləcək bu kimi halların vaxtında aradan qaldırılması üçün texniki heyət hazır vəziyyətə gətirilib.
Hazırda müşahidə edilən yağışla əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi saatda 20 kilometr endirilib. Elektron məlumat tablolarında sürüşkən yol xəbərdarlıq nişanı qoyulub.
Bakı Nəqliyyat Agentliyi sürücülərə tövsiyə edir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.
Sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş olunur. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə olunur.