İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi qaydaları pozan sürücü və daşıyıcılarla bağlı tədbirləri davam etdirir
Bakı, 11 iyul, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi qaydaları pozan sürücü və daşıyıcılarla bağlı tədbirləri davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib ki, Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin icra vəziyyətini yoxlamaq məqsədilə müxtəlif nəzarət mexanizimlərindən istifadə edilir. Marşrut xətləri üzrə mütəmadi olaraq monitorinqlər keçirilir. Son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.
M.Ağayevin sözlərinə görə, 15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 DQN-li avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, belə hallar təkrarlanacağı təqdirdə agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.
“44 nömrəli marşrut xətti üzrə isə 90-UN-516 DQN-li avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtda aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək. 173 nömrəli marşrut xətti üzrə 10-TF-428 DQN-li avtobusun sürücüsü Azər Abışov “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama halına yol verib. Sürücü və daşıyıcı agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha belə halların baş verəcəyi təqdirdə agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb”, - deyə M.Ağayev vurğulayıb.
M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.