İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi qış rejiminə keçidlə bağlı sərnişin daşıyıcı şirkətlərə tələblər ünvanlayıb VİDEO
Bakı, 18 noyabr, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən sərnişin daşıyıcı şirkətlərə qış rejiminə keçidlə bağlı tələblər ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.
N.Allahyarova bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarlarından irəli gələn və agentlik tərəfindən hazırlanan Bakı nəqliyyat planında olan tələblərdir. Bakı Nəqliyyat Agentliyinə təkərlərin, mühərrikin tam qış rejiminə uyğunlaşdırılmaması, avtobus salonundakı pəncərələrin normal vəziyyətdə olmaması və digər tələblərin tam yerinə yetirilməməsi ilə bağlı müraciət daxil olarsa, onda həmin daşıyıcılarla bağlı tədbirlər görüləcək.
N.Allahyarovanın sözlərinə görə, qəsəbələrdən gələn avtobusların bir çoxunun pəncərələrində problemlər görülən tədbirlər nəticəsində aradan qaldırılıb.
“Bakı Nəqliyyat Agentliyinin baş direktorunun xüsusi tapşırığı var. Agentliyin rəhbər şəxsləri aidiyyəti daşıyıcı şirkətlərlə birlikdə problemlərin yerindəcə aşkarlanması və aradan qaldırılması məqsədilə mütəmadi monitorinqlər keçirirlər. Qarşıda gələn aylarda bu monitorinqlər daha çox keçiriləcək”, - deyə N.Allahyarova vurğulayıb.