İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyi sərnişinlərə xidmət göstərməsi üçün 1888 avtobus reysə buraxıb
Bakı, 17 fevral, Elvin Camalov, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) sərnişinlərə xidmət göstərməsi üçün 1888 avtobus reysə buraxıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AZƏRTAC-a deyib.
O bildirib ki, səhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb. Müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarının fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
M.Ağayevin sözlərinə görə, səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da meteoroloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması ilə bağlı olub. Hazırda isə qeyd edildiyi kimi, yollardakı mövcud çətinliklər aradan qaldırılıb.
M.Ağayev qeyd edib ki, bu gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut xətləri üzrə adi günlərdən daha çox - 1888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib. BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə bağlı tapşırıq verilib.