İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi İdarəsi birgə məlumat yayıblar

Bakı, 14 iyun, AZƏRTAC

Artıq iki həftəyə yaxındır ki, Bakı şəhəri müxtəlif idman növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edir. İyunun 4-6-da Formula 1 üzrə Azərbaycan Qran-Prisi mükəmməl ev sahibliyi ilə reallaşdı. İyunun 12-də ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirildi.

Yüksək səviyyəli təşkilatçılıqla yanaşı mötəbər idman tədbirlərinin uğurla keçirilməsində hərəkət iştirakçılarının da nümayiş etdirdiyi anlayışın əhəmiyyətini vurğulayaraq bir daha onlara verdikləri dəstəyə görə təşəkkür edirik. Vətəndaşlarımız müəyyən edilən qaydalara və tövsiyələrə riayət etməklə oyunların, xüsusilə də nəqliyyat tədbirlərinin yüksək səviyyədə reallaşmasına əvəzsiz dəstək olublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi birgə məlumat yayıblar.

Məlumatda, həmçinin qeyd edilib: “Hərəkət iştirakçılarının “Avro-2020” futbol üzrə Avropa çempionatının iyunun 16, 20 və iyulun 3-də Bakıda keçiriləcək oyunları zamanı da eyni səmimiyyət və anlayış nümayiş etdirəcəklərinə inamımız sonsuzdur.

Xüsusilə iyunun 16-da Türkiyə-Uels milli komandalarının oyunu ilə əlaqədar hərəkət iştirakçılarından müəyyən edilən qaydalara və tövsiyələrə əməl etmələrini xahiş edirik. Qardaş ölkə təmsilçilərinin oyununa marağın böyük olacağını və həmin gün şəhərdə yüksək səviyyəli tədbirlərin keçiriləcəyini nəzərə alaraq hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməyə və yollarda həmrəy olmağa çağırırıq.

Xahiş edirik ki, ciddi zərurət olmadığı halda şəxsi nəqliyyat vasitəsindən istifadə etməyin. Bu, yollarda nəqliyyat vasitələrinin, xüsusən də müntəzəm və ekspress xətlər üzrə avtobusların maneəsiz hərəkəti, lüzumsuz sıxlıqların yaranmaması üçün vacibdir. Həmçinin avtomobilləri dayanma-durmanın qadağan edildiyi yerlərdə, o cümlədən avtobus dayanacaqlarının ərazisində və avtobus zolaqlarında park etməyin. Rahat və fasiləsiz hərəkətə maneə yaradan avtomobillər qanunla müəyyən edilən qaydada təxliyə olunacaq.

Məlumat üçün bildiririk ki, biletli azarkeşlərin daşınması mövcud nəqliyyat planına əsasən ekspress marşrutlarla icra ediləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.