İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları simulyasiya proqramlarının təlimlərində iştirak ediblər
Bakı, 21 aprel, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları “VISSIM”, “VISUM” və “VISTRO” simulyasiya proqramlarının təlimlərində iştirak ediblər.
BNA-dan AZƏRTAC-a bildirilib ki, qeyd edilən proqram təminatları dünyanın ən qabaqcıl və təkmil simulyasiya alətləri hesab olunur. Bu proqramların imkanlarından istifadə etməklə mobilliyin bütün növlərini simulyasiya etmək, nəqliyyat tələb və təklifi, davranışları və nəqliyyat siyasətlərinin ətraflı şəkildə modelləşdirmək mümkündür.
“PTV Group” şirkətinin məhsulu olan simulyasiya proqramlarının təlimləri aprelin 1-20-də keçirilib. Təlimlərdə əməkdaşların bilik və bacarıqları bu istiqamətlərdə daha da artırılıb: nəqliyyat strategiyalarının və onların həlləri üzrə makro ölçülü simulyasiyaların hazırlanması; yol hərəkəti iştirakçılarının, logistika xidmətlərinin təsirlərini bir modeldə birləşdirən mikro ölçülü simulyasiyaların hazırlanması; şəbəkə və tələb modelləşdirilməsi; proqnozlaşdırılmış nəqliyyat axınlarının analizi; yol qovşaqlarının xidməti səviyyələrinin ölçüsünün müəyyənləşdirilməsi; siqnal-vaxt optimallaşdırılması; nəqliyyat-təsir analizi; birdən çox ssenariləri idarəetmə və əhatəli hesabatların hazırlanması.
Təlim agentliyin gələcək layihələrinin səmərəliliyini və görüləcək işlərin keyfiyyətini daha da artıracaq.