İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin stendi dizaynına görə bütün stendlərdən fərqlənib
Bakı, 12 iyun, Elvin Camalov, AZƏRTAC
VIII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat (Road&Traffic 2018) sərgisində təmsil olunan Bakı Nəqliyyat Agentliyinin stendi dizaynına görə bütün stendlərdən fərqlənib.
AZƏRTAC xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən sərgidə Bakı Nəqliyyat Agentliyi paytaxtın marşrut şəbəkəsi, yol təhlükəsizliyi və hərəkətin düzgün təşkili ilə bağlı mövcud problemlər və onların həlli yolları ilə bağlı hazırladığı layihələrini təqdim edib. Şəhər nəqliyyatının bir sıra mühüm elementlərini özündə əks etdirən xüsusi tərtibata malik stendə gələn ziyarətçilər üçün yol hərəkətinin təhlükəsizliyi, eləcə də ictimai nəqliyyatda etik davranış qaydalarına dair videoçarxlar nümayiş olunub. Həmçinin agentliyin stendində ziyarətçilər GPS sistemi, Bakının yol infrastrukturu ilə bağlı maket, Sürücü Təlim Mərkəzində istifadə edilən simulyator ilə tanış olublar.
Ziyarətçilərə bildirilib ki, Bakı Nəqliyyat Agentliyinin sərgidə iştirak etməkdə əsas məqsədi görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi aparmaqdır.
Maraq doğuran məqamlardan biri də Bakı şəhərində avtomobil yolunu necə görmək istəyimizlə bağlı qoyulan maketdir. Burada hərəkət zolaqları, piyada keçidləri öz əksini tapıb. Maketə baxdıqda işıqforların yanındakı və nizamlanmayan yollarda piyada keçidlərinin hansı formada rənglənməsini görmək olar. Stenddə "Bakıkart", avtobus informasiya terminalları da nümayiş edilir.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin stendi "Dizaynına görə ən yaxşı stend" mükafatına layiq görülüb.
Xatırladaq ki, "TransCaspian/Translogistica"-2018"də dünyanın 15 ölkəsindən 85 şirkət iştirak edir. Sərgi peşəkar ziyarətçilər üçün 11-13 iyun tarixində, tələbələr üçün isə iyunun 13-də açıq olacaq.
Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi həm Azərbaycanın, həm də bütövlükdə region ölkələrinin nəqliyyat strukturlarının rəhbər və mütəxəssisləri ilə görüşlər, eləcə də ən son nəqliyyat texnologiyalarının nümayişi, perspektivli infrastruktur layihələri ilə yaxından tanışlıq, yeni müştərilərlə əlaqələr və təcrübə mübadiləsi baxımından unikal imkana malikdir.