İQTİSADİYYAT
Bakı Nəqliyyat Agentliyinin stendi ziyarətçilərin böyük marağına səbəb olub
Bakı, 26 aprel, Elvin Camalov, AZƏRTAC
“ROAD & TRAFFİC” sərgisində ilk dəfə iştirak edən Bakı Nəqliyyat Agentliyinin (BNA) stendi ziyarətçilərin böyük marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin stendində ziyarətçilər GPS sistemi, Bakının yol infrastrukturu ilə bağlı maket, sürücü təlim mərkəzində istifadə edilən simulyator, avtobus informasiya terminalı ilə tanış olublar.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib ki, Bakı Nəqliyyat Agentliyinin sərgidə iştirak etməkdə əsas məqsədi görülən layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, yeni əməkdaşlıq imkanları və təcrübə mübadiləsi aparmaqdır: “Təmsil olunduğumuz stenddə BNA-nın fəaliyyətə başladığı ötən dövr ərzində həyata keçirdiyi və nəzərdə tutduğu layihələr sərgi iştirakçılarının diqqətinə çatdırılır. Ziyarətçilər GPS sistemi ilə tanış olurlar. Bu sistemin qurulması ilə bağlı konkret işlərə 2016-cı ilin sonlarına yaxın başlanılıb. Paytaxt ərazilərində sərnişindaşımaya cəlb edilən bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Bununla da nəqliyyat vasitəsi mühərrik söndükdə belə nəzarətdədir və onun harada olması, hansı sürətdə hərəkət etməsi ilə bağlı məlumatlar bizə daxil olur. Buna qarşı tərəfin texniki baxımdan müdaxilə etməsi mümkün deyil”.
Onun sözlərinə görə, ziyarətçilərdə maraq doğuran məqamlardan biri də Bakı şəhərində avtomobil yolunu necə görmək istəyimizlə bağlı qoyulan maketdir. Burada hərəkət zolaqları, piyada keçidləri öz əksini tapıb. Maketə baxdıqda işıqforların yanındakı və nizamlanmayan yollarda piyada keçidlərinin hansı formada rənglənməsini görmək olar.
M.Ağayev qeyd edib ki, ziyarətçilər, eyni zamanda sürücü təlim mərkəzində istifadə edilən simulyatorlarla da tanış olurlar. IV İslam Həmrəyliyi Oyunlarında atletlərin nəqliyyat tələbatını ödəyəcək sürücülər BNA-nın təlim mərkəzində xüsusi təlimlərdən keçir. Daha sonra isə bütün daşıyıcıların çalışdığı sürücülər bu təlim mərkəzinə gəlməlidirlər. Yalnız təlimlərdən keçib müvafiq sertifikatı alan sürücülər ictimai nəqliyyat vasitəsini idarə edə biləcəklər.
“Stendimizdə “Bakıkart”, avtobus informasiya terminalları da nümayiş edilir. Hazırda Bakıda mövcud olan 1200 dayanacağın 600-də avtobus informasiya terminalı quraşdırılıb. Lakin bu terminalların 4-də GPS sistemi inteqrasiya olunub. Digərlərində isə bu sahədə işlər görülür, sınaqdan keçirilir. Sınaq müddəti bitdikdən sonra bütün dayanacaqlarda avtobus informasiya terminalının işləkliyi qaydasına düşəcək.
Qeyd edək ki, aprelin 27-də “ROAD & TRAFFİC” sərgisi çərçivəsində “Bakıda yolların optimallaşdırılması” layihəsinin təqdimatı olacaq.