MƏDƏNİYYƏT


Bakı-Praqa – dostluq palitrası

Bakı, 13 fevral, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Bakı-Praqa – dostluq palitrası – 1980-2020” adlı beynəlxalq rəsm sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, bu, ölkəmizdə pandemiya başlanandan bəri təşkil olunan ilk sərgidir. Sərginin öz tarixçəsi də maraqlıdır. Bu barədə ekspozisiyanın təşkilinin təşəbbüskarı, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov söhbət açır: “Biz sərginin açılışına çox sevinirdik. Bu, pandemiya başlanandan bəri bizim ilk tədbirimiz idi. İşsiz oturmaq mümkün deyil. Biz qərara gəldik ki, pandemiyanın şərtlərinə riayət etməklə işləmək olar. Yaradıcı insanlar uzun müddət işsiz otura bilməzlər. Bu sərgidə çexiyalı və azərbaycanlı rəssamların əl işləri təqdim olunur.

Maraqlı orasıdır ki, bu rəssamların sərgisi 40 il bundan əvvəl Bakıda keçirilib. Dümanın sözlərini bir qədər dəyişərək belə deyə bilərik: biz 40 ildən sonra qarşılaşdıq. Bu, insan həyatında böyük müddətdir. O vaxtdan çox şey dəyişib: bizim o vaxt təmsil etdiyimiz ölkələr də yoxdur, - indi nə SSRİ var, nə də Çexoslovakiya. Hazırda müstəqil Azərbaycan və Çex Respublikası mövcuddur. Lakin dostluq və yaradıcılıq dəyişməz olaraq qalıb”.

Sərgidə ümumilikdə 40 rəsm əsəri - hər bir iştirakçı-rəssamın 10 rəsm əsəri təqdim olunur.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qonaqları salamlayaraq qeyd edib ki, ən başlıcası, 40 il bundan əvvəl bizim ölkəmizdə öz yaradıcılıqlarını təqdim edən rəssamların hamısı sağ-salamatdır və bu gün biz onların yeni əl işlərinə baxa biləcəyik.

Çexiya Respublikasının Azərbaycandakı səfiri Milan Ekert deyib: “40 il bundan əvvəl, 1980-ci ilin noyabrında çexiyalı iki rəssam – Yozef Velçovski və Pavel Vavrisi mədəni mübadilə çərçivəsində Azərbaycana səfər edib, İçərişəhər və Lahıcla tanış olublar. Azərbaycanlı fırça ustaları Arif Hüseynov və Fikrət Həşimov isə Praqaya gedib, köhnə Praqada gəzinti, Moraviya folkloru ilə tanışlıq onların yeni işlərinin mövzusu olub.

Həmin dörd rəssamın 1982-ci ildə Praqada, Moskvada və Bakıda keçirilmiş sərgiləri məhz bu mübadilənin nəticəsi olub.

Bu gün biz başqa aləmdə yaşayırıq. Yeni sənətkarlar nəsli yetişib, Arif Hüseynovun və Yozef Velçovskinin oğlanları buna bariz nümunədir. Bu gün onlar da tanınmış rəssamlardır.

Pandemiya ilə bağlı məhdudiyyətlər rəssamlarımıza Bakıya gəlməyə imkan verməyib, lakin onlar köhnə azərbaycanlı dostları ilə böyük məmnuniyyətlə bu birgə sərgidə iştirak edirlər”.

Səfir Milan Ekert sonda bu sərginin təşkilatçısı, belə bir tədbir keçirilməsi təklifi ilə Çex Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edən Arif Hüseynova minnətdarlığımı bildirib.

Əməkdar rəssam, professor Fikrət Həşimov, Milli Məclisin deputatı Qənirə Paşayeva və digərləri sərginin açılışında çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.