İQTİSADİYYAT
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Gəndob-Quba hissəsi əsaslı şəkildə bərpa olunur VİDEO
Bakı, 11 iyul, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-169-cu kilometrliyini əhatə edən Gəndob-Quba hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur.
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində yol II texniki dərəcəyə uyğun olaraq bərpa edilir. Yolun normativ eninin alınması üçün zəruri olan yerlərdə torpaq yatağı 15 metr enində çınqıllı qruntla genişləndirilir, asfalt-beton örtüyü qaşınır və bəzi hissələrdə qazılıb çıxarılır, 3 min kvadratmetr sahədə 20 santimetr qalınlıqda çınqıldan əsasın alt qatı və 6 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığından əsasın üst qatı tikilir, texnoloji ardıcıllığa əsasən 6 santimetr hündürlükdə asfalt-beton örtüyünün alt layı döşənir.
Bu işlərin ardınca yol boyu asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılır. Asfalt-beton örtüyünün eni 9 metr nəzərə alınaraq yol boyu 420 min kvadratmetr sahə 6 santimetr qalınlıqda asfaltlanır. Tikinti norma və qaydalarına uyğun olaraq yol boyu 230 min kvadratmetr sahədə hər bir istiqamət üzrə 3,75 metr enində çiyinlərin 6 santimetr qalınlıqda optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri də aparılır.
Layihəyə uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Quba şəhərindən keçən hissəsinin, daha dəqiqi 6 hərəkət zolaqlı olan Heydər Əliyev prospektinin Qəçrəş və Qonaqkənd yollarına qədər olan hissəsinin də asfalt-beton örtüyünün yenilənməsi işlərinin aparılması nəzərdə tutulub.
Tikinti-təmir işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 3 yerdə yeni avtobus dayanacaqları inşa ediləcək, 122 kilometr uzunluğunda üfüqi nişanlanma xətləri çəkiləcək.
Yolun bərpasının yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılması üçün əraziyə kifayət qədər qüvvə cəlb olunub.
Magistral yolun bu hissəsi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə daha rahat şəkildə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun bərpası əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin daha da yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.