İQTİSADİYYAT
Bakı-Quba-Rusiya avtomobil yolunun dağılmış hissələri bərpa olunur VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
Yaxın günlərdə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Gəndob kəndindən başlayaraq Şabran rayonunun girişində yerləşən avtomobil körpüsünə qədər olan 11 kilometrlik və Siyəzən rayonunun Zarat kəndi ərazisində deformasiyaya uğramış 5 kilometrlik hissəsində bərpa işləri aparılıb.
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, yenidən karbonat materialı tökülərək kipləşdirilib, daha sonra yeni yol əsası inşa edilərək yeni asfalt-beton örtük döşənib. Nəticədə sözügedən ərazilərdə bundan öncə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılıb.
Hazırda isə sözügedən avtomobil yolunun Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bərpa işləri görülür.
Təmir-bərpa işləri Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər 3 kilometrlik məsafədə aparılacaq. İlkin olaraq bərpa işlərinə sözügedən yolun 1-ci kilometrlik hissəsində başlanılıb.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yol yatağı karbonat materialı tökülərək yenidən kipləşdirilir, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılır. Səth və qrunt suların yoldan kənarlaşdırılması üçün ərazidə yeni drenaj sisteminin də inşası aparılıb.
Bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək.
Bütün işlər qrafikə uyğun aparılır və bu məqsədlə əraziyə lazımi sayda texnika cəlb olunub.