CƏMİYYƏT
Bakı Regional Mərkəzində “Cəsurluq məktəbi” “açıq qapı” günü keçirilib
Bakı, 30 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi nazirliyin digər qurumları ilə birgə növbəti “Cəsurluq məktəbi” adlı “açıq qapı” günü keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “açıq qapı” gününün keçirilməsində məqsəd Bakının ümumtəhsil müəssisələrinin şagirdlərini FHN qurumlarının fəaliyyəti ilə yaxından tanış etməkdir.
Keçirilmiş digər maarifləndirmə tədbirlərindən fərqli olaraq “Cəsurluq məktəbi”nin iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilib. Belə ki, tədbirdə iştirak etmiş 40 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olub.
Tədbirin praktiki hissəsində əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıq nümayiş etdirilib, onların iş prinsipi barədə məlumat verilib.
Nəzəri hissədə isə mərkəzin rəis müavini Kamil Bağırov tədbir iştirakçılarının gələcək fəaliyyətlərini məhz fövqəladə hallar orqanları ilə bağlamaq istəklərini təqdirəlayiq hesab edib.
Mərkəzin Operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik Vaqif Teymurov “Bakı Regional Mərkəzinin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edərək mərkəzin yarandığı gündən etibarən həyata keçirdiyi işlər və apardığı maarifləndirmə fəaliyyəti barədə məlumat verib.
Çıxışdan sonra mərkəzin keçirdiyi maarifləndirmə tədbirləri barədə videoçarxlar nümayiş etdirilib.
Tədbirdə, həmçinin “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı davranış qaydaları”, “Torpaq sürüşməsi zamanı davranış qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı”, “Odsöndürən balonlardan istifadə”, “112” qaynar xətti” mövzularında çıxışlar edilmiş, mövzulara aid videoçarxlar göstərilib.
Sonda şagirdlərin sualları cavablandırılıb.