CƏMİYYƏT
Bakı Regional Mərkəzində dəyirmi masa təşkil olunub
Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı FHN-in Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyətinə dair dəyirmi masa keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dəyirmi masada Formula 1 Azərbaycan Qran-Prisi, 2019-cu il UEFA Avropa Liqasının finalı və Avropa Gənclərinin Yay Olimpiya Festivalı zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məsələləri müzakirə edilib.
FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, təxliyə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi zamanı Bakı Regional Mərkəzinin yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə fəaliyyəti” mövzusunda çıxış edərək bu sahədə görülən işlərdən və mövcud problemlərdən danışaraq problemlərin həllində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Formula 1 Azərbaycan Qran-Prisinin təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əlaqələndiricisi Aygül Ağayeva, UEFA Avropa Liqasının final mərhələsi üzrə əməliyyat qrupunun təhlükəsizlik əməliyyatlarının əlaqələndirilməsi üzrə menecer Məsturə Adilova və Avropa Gənclərinin Yay Olimpiya Festivalı üzrə təhlükəsizlik şöbəsinin rəhbəri İlkin Rəhimov Bakıda keçiriləcək hər üç mötəbər idman yarışı zamanı görüləcək təhlükəsizlik tədbirləri, eləcə də digər təşkilati məsələlər barədə söhbət açıblar.
Tədbir iştirakçılarına ötən il görülən işlər və problemlər barədə məlumat verilib. Belə tədbirlərin bu sahədə mövcud problemlərin və onların həlli yollarının müəyyənləşdirilməsi baxımından vacibliyi qeyd olunub.
Sonda mövzu ətrafında interaktiv müzakirələr aparılıb.