CƏMİYYƏT


Bakı Regional Sınaq Laboratoriyası İngiltərədə keçirilən səriştəlilik sınaqlarında uğurlu nəticələr əldə edib

Bakı, 8 fevral, AZƏRTAC

Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Qida Təhlükəsizliyi İnstitutunun nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən tədbirlər çərçivəsində Qida Təhlükəsizliyi İnstitutunun Bakı Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınaqlarında iştirak edib və sınaqlarda yağ turşuları parametri üzrə uğurlu nəticələr əldə edib. Laboratoriyada yağlarda yağ turşularının təyini qaz xromatoqrafı cihazı vasitəsilə beynəlxalq ISO metoduna uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, Bakı Regional Sınaq Laboratoriyası 2022-ci ildə İngiltərənin “LGC Standards” və “FAPAS” şirkətləri tərəfindən təşkil olunan səriştəlilik sınaqlarında iştirak edib. Laboratoriya müvafiq olaraq təqdim edilən iki paralel nümunədə 26 mikrobioloji parametr və qida məhsullarında toksiki elementlərin (As, Cd, Pb, Hg) təyini parametri üzrə uğurlu nəticələrə nail olub.

Bakı Regional Sınaq Laboratoriyasında qida və kənd təsərrüfatı məhsullarının, yemlərin və içməli suların ölkəmizdə qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, ISO, AOAC, ASTM, NMKL və QOST beynəlxalq standartlarında qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji və fiziki-kimyəvi sınaqları aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.