REGİONLAR
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılır




Bakı, 3 iyun, AZƏRTAC
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-170-ci kilometrlik hissələrində təmir işləri aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, sözügedən hissədə yol geyimində çökmələr əmələ gəlib və istismar üçün yararsız vəziyyətə düşüb. Bu isə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklərə səbəb olurdu. Təmir çərçivəsində bu problemlər aradan qaldırılır.
Məlumata əsasən, 10 kilometr uzunluğa malik bu hissə üzrə aparılan təmir zamanı yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. “İnşaat Norma və Qaydaları”na əsasən, hazırda yeni yol əsasının inşası və 6-12 santimetr qalınlığa malik yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunur.
Sözügedən işlər texnoloji ardıcıllıqla sürətlə və keyfiyyətlə həyata keçirilir. Təmir işlərinin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.