MƏDƏNİYYƏT
Bakı-Şarm əş-Şeyx birbaşa aviareyslərinin perspektivləri müzakirə olunub
Bakı, 11 sentyabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) rəhbəri Nahid Bağırovla Misir nümayəndə heyəti arasında görüş keçirilib.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə “Ərəb Dəniz Gəmiçilik Palataları Federasiyası”nın prezidenti, “Kadmar Turizm” şirkətlər qrupunun prezidenti, “İskəndəriyyə İş Adamları” assosiasiyasının davamlı inkişaf komitəsinin sədri, kontr-admiral Hatem Əlqadi, eləcə də Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elayd və Misir səfirliyinin müvəqqəti işlər vəkili Hossam Başari daxildir.
Görüşdə Nahid Bağırov assosiasiyanın fəaliyyəti, ölkənin turizm potensialının təbliği və turizm sahəsinin inkişafı sahəsində görülmüş işlər, onların nəticələri barədə qonaqlara geniş məlumat verib. O, qonaqları assosiasiyanın ölkə xaricində fəaliyyət göstərən nümayəndəlikləri və onların təbliğat kampaniyalarına töhfələri barədə də məlumatlandırıb. AZTA-nın bundan sonra da Azərbaycanın turizm potensialının inkişafında aktiv iştirak edəcəyinı nümayəndə heyəti üzvlərinin diqqətinə çatdırıb.
Həmçinin görüşdə iki ölkə arasında turizm əlaqələrinin inkişafı, o cümlədən turist mübadiləsinin artırılması, turizm şirkətləri və müvafiq qurumlar arasında əlaqələrin inkişafı perspektivləri müzakirə olunub.
Tərəflər Bakı-Şarm əş-Şeyx birbaşa aviareysinin qarşılıqlı turist axınına töhfəsindən danışıblar.