CƏMİYYƏT
Bakı Şəhər Prokurorluğu Binəqədi rayonunda çayxanada baş verən partlayışla bağlı məlumat yayıb
Bakı, 22 may, AZƏRTAC
Bakı Şəhər Prokurorluğu ötən gün paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çayxanada baş verən partlayışla bağlı məlumat yayıb.
AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, mayın 21-də saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən “Azərtransservis” Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada iki nəfərin ölümü ilə nəticələnən propan qaz balonlarının partlaması ilə bağlı rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə rayon prokurorluğunun, polis idarəsinin, Regional Qaz İstismar Departamentinin Binəqədi istismar idarəsinin əməkdaşlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Partlayış nəticəsində çayxananın işçisi Saatov Söhrab Yusif oğlu, həmin vaxt orada olan müştəri İbrahimova Mömünə Rəhim qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Çayxanada olan digər müştəri İbrahimov Natiq Zahid oğlu və çayxananın işçisi İbrahimova Şəkər Xosrov qızı isə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər.
N.İbrahimov mayın 22-də xəstəxanada dünyasını dəyişib. Ş.İbrahimovanın müalicəsi hazırda davam etdirilir.
Cinayət işi üzrə “Azərtransservis” ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.