CƏMİYYƏT


Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib

Bakı, 22 yanvar, AZƏRTAC

Yanvarın 22-də Bakı Şəhər Prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2019-cu ildə qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Bakı Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, müşavirədə məruzə ilə çıxış edən şəhər prokuroru İlqar Abbasov hesabat dövründə paytaxtın prokurorluq orqanlarının cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində şəhərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə fəaliyyət göstərərək müsbət nəticələr əldə etdiklərini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2018-ci ildə şəhər ərazisində prokurorluq və polis orqanları üzrə 11 min 813 hadisə qeydə alındığı halda, ötən il bu göstərici 637 hadisə, yəni 5,4 faiz azalaraq 11 min 176 hadisə təşkil edib. Onların açılma faizi 0,4 faiz azalaraq 79,8 faiz, ağır və ya xüsusilə ağır cinayətlərin sayı 30 hadisə və ya 2,3 faiz azalaraq 1278 olub.

Müşavirədə cinayət hadisələrinin sayının azalması müsbət göstərici kimi qiymətləndirilsə də, cinayətlərin açılma faizinin azalması ciddi nöqsan kimi vurğulanıb. Bağlı qalan cinayətlərin açılması üçün zəruri olan istintaq-əməliyyat və axtarış tədbirlərinin həyata keçirilməsi tələb edilib. Ötən il qeydə alınmış 66 qəsdən adam öldürmə cinayətinin (2018-ci ildə 66 hadisə) biri istisna olmaqla, habelə 26 qəsdən adam öldürməyə cəhd cinayətinin (2018-ci ildə 32 hadisə) hamısının açılması təmin edilib.

Bildirilib ki, 2018-ci illə müqayisədə hesabat dövründə 73 (3 hadisə az) quldurluq hadisəsi qeydə alınıb. Onlardan 8-i bağlı qalıb. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı 2018-ci illə müqayisədə 6 fakt azalaraq 206 olub ki, onlardan da 2-si bağlı qalıb.

Ötən il şəhərin prokurorluq və daxili işlər orqanları tərəfindən istintaq edilmiş işlərin təhlili göstərir ki, prokurorluqda icraatda olan 1027 işdən 534-ü, daxili işlər orqanlarının istintaq qurumlarının icraatında olan 12 min 163 cinayət işindən 4207-sinin istintaqı tamamlanıb.

Hesabat dövründə baş vermiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı Şəhər Prokurorluğunun istintaq idarəsində istintaq olunan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 10 milyon 477 min manat maddi ziyandan 42 faizi, yəni, 4 milyon 427 min manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 28 milyon 171 min manat maddi ziyandan 95 faizi - 26 milyon 795 min manatı istintaq zamanı ödətdirilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

Müşavirədə xüsusi qeyd olunub ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları rəhbər tutularaq, müraciətlərin obyektiv araşdırılması, Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının mütəmadi olaraq keçirilməsi daim diqqət mərkəzində saxlanılıb, şikayətləri yaradan səbəblərin aradan qaldırılmasına, qanunauyğun və ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq gücləndirilib. Keçən il şəhər prokurorluğu orqanlarına 18 min 610 müraciət daxil olub. Həmin müraciətlərdən 4925-i həll edilib, o cümlədən 1662 müraciət təmin olunub. Bu dövrdə 8048 vətəndaş qəbul edilib.

Əməliyyat müşavirəsində hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı, nöqsanlar da diqqətə çatdırılıb. Bununla yanaşı, qəsdən adam öldürmə, quldurluq və yol-nəqliyyat hadisələrindən bağlı qalan cinayət faktlarının, eləcə də bağlı oğurluq hadisələrinin tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi, habelə axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilmiş nöqsanların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, istintaq və təhqiqat fəaliyyətində aşkarlanan nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları ətraflı təhlil edilməklə gələcəkdə təkrarlanmaması ilə bağlı konkret tapşırıqlar verilib.

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb. Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan edilib.

Müşavirədə Bakı şəhər prokurorunun müavini Azər Əsgərov, Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Tariyel Qurbanov, Daxili işlər orqanlarının istintaq, təhqiqat, və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Elnur Cəfərov və 12 rayonun prokurorları 2019-cu ildə görülmüş işlər və yol verilmiş nöqsanlar barədə çıxış edib, nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Əməliyyat müşavirəsinə yekun vuran İlqar Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasını, cinayətkarlığın bütün təzahürlərinə və hər cür qanunsuzluqlara qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.