CƏMİYYƏT


Bakı Şəhər Prokurorluğunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib

Bakı, 7 may, AZƏRTAC

Mayın 7-də Bakı Şəhər Prokurorluğunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Prokurorluğunun inzibati binasının foyesində müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri düzərək, onun unudulmaz xatirəsini dərin ehtiramla yad ediblər.

Mərasimdə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov görkəmli dövlət xadimi, ölkəmizi davamlı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıb, əbədiyaşar liderin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış yüksək nailiyyətləri diqqətə çatdırıb.

Xüsusi qeyd olunub ki, Ümummilli Liderin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi andan daim milli həmrəyliyin və dövlətçilik ənənələrinin yaşadılmasına müstəsna əhəmiyyət verərək, milli-mənəvi dəyərlərin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji məqsədlərə çatmaq üçün hərbi kadr potensialının formalaşdırılması istiqamətində atdığı əməli addımlar müstəqilliyimizin bərpası yolunda böyük əhəmiyyət kəsb edib.

1993-cü ilin iyununda xalqın çağırışı ilə respublika rəhbərliyinə qayıdaraq xalqımızı və dövlətimizi böyük təhlükələrdən, vətəndaş müharibəsindən xilas etmiş dahi öndərin zamanında səsləndirdiyi bir çağırışı ilə yaranmış qüdrətli Azərbaycan Ordusunun həmin dövrdə Ermənistan silahlı qüvvələrinin bədnam niyyətlərinin qarşısını almaqla ilk qələbələrini qazanaraq düşməni atəşkəsə məcbur etməsi, qısa müddətdə müasir, mütəşəkkil ordunun yaradılmasının qələbəmizi şərtləndirən ən vacib amillərdən olması bildirilib.

Xüsusi vurğulanıb ki, ulu öndər Heydər Əliyevin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə Azərbaycan Ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək bölgənin ən güclü qüvvəsinə çevrilib, Ümummilli Liderin xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Ermənistanın 30 illik işğalına cəmi 44 gündə son qoyulmaqla şanlı tariximizə əbədi həkk olunan möhtəşəm Zəfər salnaməsinin yazıldığı diqqətə çatdırılıb.

Bakı şəhər prokuroru çıxışının sonunda hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və bütün qüvvələrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasətin reallaşdırılmasına istiqamətləndirəcəyinə kollektiv adından əminliyini bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.