ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi: Məktəbəhazırlıq qruplarına 19 min 123 uşaq qeydiyyatdan keçib
Bakı, 16 avqust, AZƏRTAC
Avqustun 16-sı saat 12:30-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 19 min 123 uşaq elektron qeydiyyatdan keçib.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2022-2023-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2017-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.
Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.