ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsi Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
Bakı, 21 iyul, AZƏRTAC
22 iyul - Milli Mətbuat Günü münasibətilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara paytaxtın təhsil həyatında baş verən yeniliklərin işıqlandırılmasında verdikləri dəstəyə və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib.
Azərbaycan mediasının zəngin ənənələri olduğunu deyən M.Vəliyeva bütün ciddi media qurumlarının təhsilə, məktəbə, müəllimə daim dəyər verdiyini və bu sahənin fəaliyyətinin obyektiv işıqlandırılmasına həssaslıq göstərdiyini nəzərə çatdırıb.
Ölkə mediasının inkişafında ulu öndər Heydər Əliyevin müstəsna rolundan söz açan təhsil nazirinin müavini Ümummilli Liderin müstəqil mətbuatın təşəkkül tapmasına daim önəm verdiyini nəzərə çatdırıb. M.Vəliyeva qeyd edib ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında, onun hüquqi normativ bazasının yaradılmasında, fikir və mətbuat azadlığının təmin edilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlər bütün dünyada yaxşı bir örnək kimi qəbul olunur.
Daha sonra çıxış edən media nümayəndələri BŞTİ kollektivinə təşəkkürlərini bildirərək, qarşılıqlı əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər. Onlar ötən dərs ilinin paytaxtın təhsil həyatında bir sıra parlaq uğurlarla yadda qaldığını söyləyiblər.
Sonda media nümayəndələrinə hədiyyələr təqdim edilib.