ELM VƏ TƏHSİL


Bakı Şəhəri üzrə Təhsil İdarəsində türkiyəli qonaqlarla görüş

Bakı, 6 oktyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Ankara, İstanbul, İzmir və Antalya Təhsil idarələrinin rəhbərləri ilə görüş keçirilib.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Ankara Təhsil İdarəsinin müdiri Harun Fatsa, İstanbul Təhsil İdarəsinin müdir müavini Mustafa Akhan, İzmir Təhsil İdarəsinin müdiri Murat Mücahit Yentür, Antalya Təhsil İdarəsinin müdiri Emre Çalışkan, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rıza Altunel, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin nümayəndəsi Mirmehdi Ağazadə iştirak ediblər.

Tədbirdə çıxış edən idarənin müdiri Mehriban Vəliyeva görüşün keçirilməsində əsas məqsədin qardaş ölkə Türkiyə ilə təhsil sahəsində əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində Bakı şəhəri ilə Ankara, İstanbul, İzmir və Antalya şəhərlərinin ümumi təhsil müəssisələri arasında münasibətləri daha da inkişaf etdirməkdən ibarət olduğunu bildirib. M.Vəliyeva beynəlxalq əməkdaşlıq çərçivəsində ümumi təhsilin inkişafına dair görüşlərin təşkilinin əhəmiyyətindən bəhs edib, təhsilin inkişafı üçün təcrübə mübadiləsinin çox vacib olduğunu vurğulayıb.

Tarixi köklərə və qardaşlığa söykənən Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə inkişaf etdiyini diqqətə çatdıran idarə müdiri Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində şanlı Qələbənin əldə edilməsində göstərdiyi siyasi və mənəvi dəstəyə görə təhsil işçiləri adından Türkiyəyə təşəkkür edib.

BŞTİ ilə əməkdaşlıqdan məmnun olduqlarını bildirən qonaqlar təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar Bakıda keçirilən görüşlərindən məmnunluqla söz açıb, ümumi uğurlarımız üçün təhsil islahatları və yeni dövrün çağırışlarına xüsusi diqqət yetirilməsinin vacibliyini diqqətə çatdırıblar.

Qonaqlar paytaxt təhsilinin fəaliyyəti və inkişaf perspektivləri ilə maraqlanıb, həmçinin qarşılıqlı əməkdaşlıq üçün maraq doğuran bir sıra məqamlara diqqət çəkiblər.

Görüş zamanı iki ölkənin təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətləri, həyata keçirilən layihələr, ümumi təhsil sahəsindəki perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Sonda BŞTİ ilə İstanbul, Ankara, İzmir və Antalya Təhsil idarələri arasında niyyət protokolu imzalanıb.

Türkiyə nümayəndə heyəti 17 nömrəli uşaq bağçası və Heydər Əliyev adına Müasir Təhsil Kompleksində də olublar. Bağça və məktəblə tanışlıqdan sonra qonaqlara müəssisələrin fəaliyyəti və əldə olunmuş uğurlar haqqında məlumat verilib.

Qeyd edək ki, Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir. Səfər çərçivəsində qonaqlar paytaxtın digər təhsil müəssisələrində də olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.