ELM VƏ TƏHSİL
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi Xəzər rayonunun məktəblərində olub
Bakı, 14 fevral, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi tərəfindən keçirilən görüşlər Xəzər rayonunda davam edib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, növbəti görüşlər Xəzər rayonu üzrə Qala qəsəbə 216 nömrəli tam orta, Zirə qəsəbə 324 nömrəli tam orta və Qışlaq sahə 122 nömrəli ümumi orta məktəblərdə olub.
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərindəki ümumtəhsil müəssisələrində keçirilən görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə BŞTİ-nin rəhbərliyi məktəblərlə tanış olub, sinif otaqlarında dərs prosesini müşahidə edib, tədris ocaqlarının rəhbərliyi, müəllim, şagird və valideynlərlə görüşüb.
Görüşlərdə M.Vəliyeva paytaxtın mərkəzi hissəsindən qismən kənar yaşayış məntəqələrindəki məktəblərdə keçirilən görüşlərin həmin təhsil müəssisəsinin özünəməxsus xüsusiyyətlərini daha yaxından müşahidə etməyə imkan verdiyini vurğulayıb.
M.Vəliyeva Prezident İlham Əliyev tərəfindən elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində məktəblərin qarşısında duran vəzifələrdən danışıb. Bu əlamətdar il münasibətilə təhsil müəssisələrində mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfransların keçiriləcəyi haqqında məlumat verib. O, məktəbdə sağlam mühitin formalaşdırılması, uşaqların müasir dünyagörüşlü olması, prosesləri düzgün qiymətləndirməsi məsələlərinin böyük əhəmiyyət daşıdığını bildirib.
Görüşlərdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri çıxış edib, müzakirə edilən məsələlər haqqında fikirlərini bildiriblər. Məktəb direktorları, müəllimlər və valideynlər bu cür görüşlərin əhəmiyyətini qeyd edib, onları düşündürən məsələlərdən danışıblar. Qeyd edilib ki, təhsil müəssisəsinin təminat-təchizatı, müxtəlif ixtisaslar üzrə müəllimlərə tələbat və uşaqların dərsdənkənar tədbirlərə cəlb olunmaları ilə bağlı məsələlərdə müvafiq dəstəyə ehtiyac duyulur.
Məktəblərdə çalışan gənc müəllimlər nə qədər uzaq yoldan gəlsələr də, bu peşənin onlar üçün çox dəyərli olduğunu bildiriblər.
BŞTİ-nin müdiri onlara təlim-tərbiyə prosesi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Fevralın 12-dən başlayan görüşlər paytaxtın ətraf ərazilərindəki bir sıra digər ümumtəhsil məktəblərində də davam etdiriləcək.