ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti Azərbaycan ilə Yunanıstan arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayır
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Bakı Slavyan Universitetində (BSU) Yunanıstanın tanınmış yazıçısı Amanda Mixalopoulou ilə görüş keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali təhsil ocağının rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Vurğulanıb ki, BSU Azərbaycan ilə Yunanıstan arasında humanitar tərəfdaşlığın genişlənməsində mühüm rol oynayır. BSU-da yunan dilinin tədrisindən, müasir yunan dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən danışan rektor Azərbaycanda Yunanıstan mədəniyyətinə, ədəbiyyatına böyük maraq olduğunu diqqətə çatdırıb. O, BSU-nun tələbələrinin yunan dilindən Azərbaycan dilinə tərcümə etdikləri şeir və hekayələrdən söz açıb, gənclərin bu dilə olan marağını yüksək dəyərləndirib. Qeyd edilib ki, BSU-da keçirilən beynəlxalq konfranslarda yunan milli rəqsinin tələbələr tərəfindən məharətlə ifa edilməsi gənclərin yunan xalqının mədəniyyətinə sevgisindən xəbər verir.
Prezident İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli Sərəncamını xatırladan N.Əliyeva bildirib ki, Cümhuriyyətin qurulmasında şair və yazıçıların əməyi danılmazdır.
Azərbaycan haqqında müsbət fikirlərini bölüşən A.Mixalopoulou yunan dili və ədəbiyyatının BSU-da yüksək səviyyədə tədris olunmasını sevindirici hal kimi dəyərləndirib. Dünya dillərinin öyrənilməsində ədəbiyyatın aparıcı vasitə olduğunu söyləyən yazıçı diqqətə çatdırıb ki, onun hələ yunan oxuculara təqdim edilməyən “Göz” hekayəsi BSU-nun tələbəsi Əlixan Rəşidov tərəfindən artıq Azərbaycan dilinə tərcümə olunub. A.Mixalopoulou hekayəsinin ilk oxucularının azərbaycanlıların olmasından məmnunluğunu bildirib.
Sonra müəllim və tələbələrlə görüşən qonaq BSU ilə tanışlıqdan məmnunluğunu ifadə edib. Görüşdə Ə.Rəşidov yazıçının dilimizə tərcümə etdiyi “Göz” hekayəsini səsləndirib.
Sonda A.Mixalopoulou sualları cavablandırıb.