ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti Misirin ali təhsil ocaqları ilə əməkdaşlığını genişləndirir
Bakı, 23 fevral, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Ülviyə Abbasova Misir Ərəb Respublikasının bir sıra ali təhsil ocaqlarının rektorları ilə görüşüb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, Misirin Suez Canal Universitetinin rektoru, professor Maqda Mohamed ilə keçirilən görüşdə iki ali təhsil ocağı arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.
Görüşdə Ü.Abbasova BSU-nun fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
BSU-nun fəaliyyətini yüksək dəyərləndirən M.Mohamed bu universitetdə slavyan dillərinin tədrisi ilə maraqlanıb. Qarşılıqlı tərəfdaşlıqla bağlı bir sıra təkliflərlə çıxış edən rektor Suez Canal Universitetində rus və ya slavyan dilləri üzrə tərcümə mərkəzinin yaradılması fikrini irəli sürüb. Vurğulanıb ki, bu dillərin tədrisi üçün BSU-dan bir qrup peşəkar müəllimin Suez Canal Universitetinə dəvəti daha məqsədəuyğundur.
M.Mohamed Azərbaycan, eləcə də türk dilinin tədrisi, Azərbaycan xalqının mədəniyyəti, tarixi, ədəbiyyatının əcnəbilərə düzgün öyrədilməsi üçün mərkəzlərin yaradılmasından danışıb. O, BSU ilə gələcəkdə imzalanacaq əməkdaşlıq haqqında memorandumda Azərbaycan və türk dillərinin tədrisi üçün BSU-dan mütəxəssislərin dəvət olunmalarının nəzərdə tutulmasını təklif edib.
Geniş fikir mübadiləsi aparılan görüşdə bildirilib ki, memorandumda gələcəkdə “Erasmus+” proqramı çərçivəsində müəllimlərin və tələbələrin mübadiləsi də əksini tapacaq.
Ü.Abbasova, həmçinin Misir Elm və Texnologiya Universitetinin, Ayn-Şəms Universitetinin rektorları ilə görüşüb. Hər iki universitet rəhbəri BSU ilə əməkdaşlığa daim hazır olduqlarını diqqətə çatdırıblar.
Ayn-Şəms Universitetinin rektoru, professor Abdel Vahab Mohamed Ezzat bu ilin mayında BSU-da “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək IX beynəlxalq elmi konfransa rəhbərlik etdiyi universitetin nümayəndə heyəti ilə gəlmək arzusunda olduğunu bildirib.