ELM VƏ TƏHSİL
Bakı Slavyan Universiteti alimlərinin məqalələri Polşanın məşhur jurnallarında dərc olunub
Bakı, 12 oktyabr, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) Polşada çapdan çıxan “Aziatskiye issledovaniya. Razmışleniya na temu politiki i demokratii” və “Nowa. Polityka Wschodnia” jurnallarının təqdimatı olub.
BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə universitetin rektoru, professor Nurlana Əliyeva bu ali təhsil ocağında mühazirə oxumaq üçün ölkəmizdə səfərdə olan polşalı müəllimlərə - Nikolay Kopernik adına Universitetin doktoranturaya qəbul şöbəsinin müdiri, professor Donuta Pleçka və Adam Marşalek adına Mətbuat Evinin prezidenti, professor Yoanna Marşalekinə səmərəli fəaliyyətlərinə görə dərin minnətdarlığını bildirib. O, Polşada çapdan çıxan elmi məcmuələrdə BSU-nun müəllimlərinin məqalələrinin dərc edilməsini böyük uğur kimi dəyərləndirib.
BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov 2016-cı ildə təmsil etdiyi ali təhsil ocağı ilə Adam Marşalek adına Polşa Mətbuat Evi arasında imzalanmış müqaviləni xatırladıb. Prorektor “Nowa. Polityka Wschodnia” jurnalının redaksiya heyətində özünün və N.Əliyevanın yer almasını Azərbaycan ilə Polşa arasında elmi əməkdaşlığın genişlənməsi sahəsində uğurlu addım kimi dəyərləndirib. R.Novruzov Polşa ilə əməkdaşlıq çərçivəsində A.Marşalekin nəvəsi Zuzana Kavanın “Anya Vud və muzey ruhları” kitabının Azərbaycan dilinə çevrildiyini və nəfis şəkildə nəşr olunduğunu vurğulayıb.
Universitetin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov Bakıda keçirilən XII Azərbaycan beynəlxalq təhsil sərgisində təqdim edilən məcmuələrin təhsil naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyevanın diqqətini xüsusi olaraq çəkdiyini bildirib. O, bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin tərəfdarı olduğunu deyib.
“Nowa. Polityka Wschodnia” jurnalında professor N.Əliyevanın, İ.Həmidovun, X.Babaşovanın və digərlərinin elmi məqalələri də dərc olunub. “Aziatskiye issledovaniya. Razmışleniya na temu politiki i demokratii” jurnalında isə R.Novruzovun, T.Cəfərovun, A.Məmmədlinin, Ə.Əhmədin, X.Mürsəliyevanın tarix, dil, mədəniyyət və ədəbiyyat məsələləri ilə bağlı yazıları yer alıb.