ELM VƏ TƏHSİL


Bakı Slavyan Universiteti ilə Bolqarıstanın ali təhsil ocaqları arasında əməkdaşlıq daha da genişlənəcək

Bakı, 26 sentyabr, AZƏRTAC

Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 26-da Bakı Slavyan Universitetində (BSU) olub.

BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə bu universitetin tələbələri foyedə qonaqları bolqar dilində salamlayıb, Azərbaycanın və Bolqarıstanın milli rəqslərini təqdim ediblər.

Bolqar qonaqlarla görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva ölkələrimiz arasında dostluq münasibətlərinin tarixindən, Prezident İlham Əliyevin Bolqarıstan ilə əlaqələrimizin genişləndirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bu gün dünya üçün ən vacib məsələnin yer üzündə sülhün qorunub saxlanması olduğunu diqqətə çatdıran rektor deyib: “Məhz sülh və əmin-amanlığın nəticəsidir ki, ölkələrimizdə gənclər yüksək səviyyədə təhsil ala bilirlər”.

Azərbaycan ilə Bolqarıstan arasında təhsil üzrə geniş əməkdaşlığın olduğunu vurğulayan N.Əliyeva bildirib ki, bu gün BSU-da 64 gənc bolqar dilini, onun tarixini, ədəbiyyatını, etnoqrafiyasını öyrənir. BSU ilə Bolqarıstanın məşhur universitetləri arasında hər il tələbə-müəllim mübadiləsi həyata keçirilir. Ötən il Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetində, Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetində, Milli və Dünya Təsərrüfatı Universitetində olan BSU-nun nümayəndə heyəti həmin ali məktəblərdən xoş təəssüratlarla qayıdıb. N.Əliyeva bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Səmimi görüşə görə minnətdarlığını ifadə edən K.Karakaçanov Bolqarıstan dövlət rəhbərliyinin ölkələrimiz arasında dostluq və qardaşlığın genişlənməsi istiqamətindəki səylərindən danışıb. Nazir BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnunluğunu bildirib.

Görüşdə sonra qonaqlar BSU–da fəaliyyət göstərən Bolqar Dili Və Mədəniyyəti Mərkəzi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.