ELM VƏ TƏHSİL


Bakı Slavyan Universiteti tələbələri pedaqoji təcrübə keçirlər

Bakı, 23 fevral, AZƏRTAC

Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva 2020-2021-ci tədris ilinin yaz semestrində buraxılış ili bakalavrlarının istehsalat və pedaqoji təcrübəsinin təşkili və keçirilməsi barədə müvafiq əmr imzalayıb. Əmrdə təcrübənin fevralın 22-dən mayın 27-dək keçirilməsi, tələbələrin istehsalat və pedaqoji təcrübəyə cəlb olunduqları baza müəssisələrində ənənəvi və distant formada təcrübənin təşkili məqsədilə mövcud sanitar-epidemioloji şəraitin, texniki imkanların araşdırılaraq çevik tədbirlərin Təcrübə və məzunların karyera inkişafı şöbəsi, eləcə də fakültə dekanlıqları tərəfindən təmin edilməsi öz əksini tapıb.

Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, əmrdə, həmçinin ixtisasların xüsusiyyətlərinə müvafiq olaraq təcrübənin ilk 10 günü kafedralar tərəfindən tərtib edilmiş təcrübə proqramları, təcrübənin məqsədi, təcrübə keçən tələbələrin vəzifələri, istehsalat və pedaqoji təcrübə keçirilən müəssisələrdə davranış qaydaları, təcrübə rəhbəri və təcrübə keçirilən müəssisə tərəfindən verilən tapşırıqların məzmununun, xarakterinin müəyyən olunması, müvafiq referatın (hesabatın) hazırlanması, qiymətləndirmə meyarları barədə tələbələrin məlumatlandırılması vəzifələri irəli sürülüb.

Eyni zamanda, əmrdə tələbələrlə lazımi izahat işlərinin, videokonfrans və görüşlərin "Microsoft Teams" platforması vasitəsilə aparılması, təcrübə keçən və respublikanın kənd rayonlarında yaşayan tələbələrin yerləşməsi ilə bağlı bütün problemlərin ilk 10 gün müddətində fakültə dekanlıqları tərəfindən müəyyən edilməsi, Təcrübə və məzunların karyera inkişafı şöbəsi tərəfindən bu barədə rektora təqdimat hazırlanması məsələləri əksini tapıb. Sanitar-epidemioloji şəraitə uyğun olaraq regionlarda yaşayan tələbələrin yaşadıqları yerlərdə təcrübə keçmələri üçün müəssisə, təşkilat və tələbələrdən edilən müraciətlərin əsas götürülməsi, habelə regionlarda təcrübə keçən tələbələrlə işin təşkili və yarana biləcək problemlərin araşdırılıb müvafiq tədbir görülməsi məqsədilə Təcrübə və məzunların karyera inkişafı şöbəsinin və fakültə dekanlıqlarının nümayəndələrinin rayonlara ezam olunmaları mühüm vəzifələr kimi qarşıya qoyulub.

Yaz semestrində BSU-nun 339 tələbəsi istehsalat təcrübəsi, 518 tələbəsi isə pedaqoji təcrübə keçəcək.

Qeyd edək ki, BSU-nun II tədris ilində təhsil alan 114 magistrantı fevralın 16-dan başlayaraq elmi-tədqiqat təcrübəsi keçir. Magistrantlara təcrübə rəhbərləri təyin edilib və onlar universitetin müvafiq ixtisas kafedralarında mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq onlayn formada elmi-tədqiqat təcrübəsi keçirlər. Elmi-tədqiqat təcrübəsi 1 ay davam edəcək və martın 16-da başa çatacaq.

Sonuncu tədris ili magistrantlarının 2-ci elmi-pedaqoji təcrübəsi isə aprel ayının 1-də başlayacaq və mayın 1-də başa çatacaq. Magistrantların elmi-pedaqoji təcrübəsinin mövcud sanitar-epidemioloji vəziyyətdən asılı olaraq onlayn formada və ya ənənəvi qaydada təşkil edilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.