ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib

Bakı, 19 yanvar, AZƏRTAC 

Yanvarın 19-da Bakı Slavyan Universitetində (BSU) 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş vebinar keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BSU-nun prorektorlarının, dekan müavinlərinin və digər müvafiq struktur bölmələrinin məsul şəxslərinin və tələbələrin iştirak etdikləri vebinarı giriş sözü ilə açan universitetin rektoru, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, partiyanın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva bildirib ki, 31 il bundan öncə sovet imperiyası Azərbaycanda qanlı bir cinayət törətdi. Öz ərazi bütövlüyü, azadlığı və dövlət müstəqilliyi uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı sovet ordusu tərəfindən böyük hərbi cinayət törədildi. Məqsəd xalqımızın azadlıq uğrunda mübarizəsini dayandırmaq, onun ruhunu, iradəsini məhv etmək idi. Lakin yenilməz və mətin xalqımız öz azadlığı uğrunda mübarizəni daha inamla, qətiyyətlə davam etdirdi və istiqlalına qovuşdu. 20 Yanvar xalqımızın XX əsr tarixinin həm faciə, həm də qəhrəmanlıq səhifəsidir. Eyni zamanda, 20 Yanvar xalqımızın müstəqilliyə yol açan şərəf və qəhrəmanlıq salnaməsidir. Dünya ictimaiyyətinə ilk dəfə 20 Yanvar faciəsi ilə bağlı xalqımızın vətənpərvər oğlu, ümummilli liderimiz Heydər Əliyev məlumat vermişdir.

Rektor qeyd edib ki, 20 Yanvar faciəsinə yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə qayıtmasından sonra siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin birbaşa rəhbərliyi ilə igid, cəsur, rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində böyük tarixi Qələbə qazandı və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Biz bütün dünyaya qəhrəman xalq və qalib dövlət olduğumuzu sübut etdik. Xalqımız bu gün Qarabağ uğrunda apardığı Vətən müharibəsində qazandığı möhtəşəm Qələbənin sevincini yaşayır.

Nurlana Əliyeva bildirib ki, BSU-nun Birinci Qarabağ müharibəsində 7 şəhidi, 2016-cı ilin Aprel döyüşlərində 1 şəhidi olub. Vətən müharibəsində isə BSU-nun 3 məzunu şəhid olub. Qədirbilən xalqımız şəhidlərimizin xatirəsini əziz tutur, onların ailələri dövlət qayğısı ilə əhatə olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, Elmi-Tədqiqat Layihələri Laboratoriyasının Azərbaycanşünaslıq və slavistika bölməsinin müdiri, dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Kamran Hacıyev, həmin fakültənin tərbiyə işləri üzrə dekan müavini, dosent Lalə Mikayılzadə, Pedaqoji fakültənin tərbiyə işləri üzrə dekan müavini, dosent əvəzi Saraxanım Rəhmanova və başqaları çıxış edərək belə tədbirlərin tələbə-gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət təsir etdiyini vurğulayaraq onlara tariximizi dərindən öyrənməyi, xalqa, Vətənə, dövlətə, dövlətçiliyə sədaqətli olmağı tövsiyə ediblər.

Vebinarın sonunda Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsinin II tədris ili tələbəsi Şəfəq Aslanova Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" poemasından bir parçanı səsləndirib.

Qeyd edək ki, BSU-da vebinarla yanaşı, şəhidlərin xatirəsinə həsr olunmuş kitab sərgisi də təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.