ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub
Bakı, 25 iyun, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə onlayn tədbir keçirilib. Tədbirdə BSU-nun fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, şöbə müdirləri və digər strukturların məsul şəxsləri, professor-müəllim heyətinin nümayəndələri, universitetdə fəaliyyət göstərən tələbə ictimai təşkilatlarının təmsilçiləri və fəal tələbələr iştirak ediblər.
BSU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününün xalqımız üçün çox əziz və əlamətdar bir bayram olduğunu vurğulayıb. Qeyd edib ki, xalqımızın böyük oğlu, müasir müstəqil dövlətimizin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, iyunun 26-sı hər il ölkəmizdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun igid əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində xalqımız Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük Qələbə qazandı. Məhz bu böyük Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edildi. Bu möhtəşəm Qələbəyə görə bu il Silahlı Qüvvələr Gününü xalqımız daha yüksək əhval-ruhiyyə ilə qeyd edir.
Qeyd edilib ki, BSU-nun məzunu Vüqar Süleymanov 2016-cı ilin Aprel döyüşlərində qəhrəmancasına şəhid olub. BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində iştirak edib. Universitetin 3 məzunu - Nicat Ayaz oğlu Şükürlü, Kənan Yalçın oğlu Rüstəmli və Elnur Əli oğlu Allahverdizadə döyüşlərdə şəhid olublar. Şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, “YAŞAT” Fondunun və “Davam” Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyev BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin builki məzunudur. Universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbə kollektivi daim şəhidlərimizin xatirəsini əziz tutur.
Tədbirdə Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının dosenti Şəhla Nuruzadə “Milli ordumuz - milli qürur mənbəyimiz”, həmin kafedranın dosenti Nərgiz Nağıyeva isə “Qalib ordumuz” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, xalqımızın XX əsr tarixinə şanlı səhifə kimi daxil olan Azərbaycan Xalq Cümhuriyyətinin böyük tarixi xidmətləri sırasında Azərbaycan Milli Ordusunun yaradılması xüsusi yer tutur. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin xarici hərbi müdaxilə nəticəsində süquta uğramasından sonra ölkəmizdə ordu quruculuğu olmamışdır. Əsas vəzifəsi Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumaq olan bu şərəfli milli qurumun yaradılması xalqımızın dahi oğlu, böyük siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı, onun misilsiz vətənpərvərlik fəaliyyəti ilə sıx bağlıdır. Məhz ulu öndər Heydər Əliyevin yüksək milli təəssübkeşliyi, əzmkarlığı, fədakarlığı, yenilməz iradəsi, qətiyyəti sayəsində xalqımızın hərb elminə dərindən yiyələnməsi, müasir hərbi texnikadan istifadə etmək bacarığına malik olan peşəkar milli hərbçi kadrların hazırlanması, hərbi təhsil sisteminin və müəssisələrinin inkişaf etdirilməsi üçün məqsədyönlü səmərəli fəaliyyət həyata keçirilib. Ulu öndər Heydər Əliyev bu gün xalqımıza və dövlətimizə rəşadətlə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı, qurucusu olub.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordunun müasir tələblər və qabaqcıl beynəlxalq təcrübə əsasında formalaşması üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçımızın ali diqqət və qayğısı sayəsində Azərbaycanda ordu quruculuğu prosesi uğurla davam etdirilir. Ordumuz müasirləşmə, inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ordumuzun hərbi imkanları sürətlə genişlənir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təchizatı və müasir hərbi texnika, silah-sursatla təminatı ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun dünyanın ən güclü və müasir orduları sırasında yer alması ölkə rəhbərliyinin bu sahədə uğurla reallaşdırdığı çoxşaxəli səmərəli fəaliyyətin nəticəsidir.
Tədbirdə iştirak edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, kapitan Tofiq Əzimov, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Jurnalistika kafedrasının dosenti Mübariz Əhmədov, Tərcümə fakültəsinin tərbiyə işləri üzrə dekan müavini, dosent Quba Məcidova Azərbaycan Silahlı Qüvvələrinin yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin igidliyi, qəhrəmanlığı, rəşadəti və Vətən müharibəsində qazanılmış böyük tarixi Qələbə barədə öz fikirlərini bölüşüblər.
Tədbirdə BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin III kurs tələbəsi Günel Məmmədova Xalq şairi Zəlimxan Yaqubun “Ordum varsa, yurdum var” şeirini səsləndirib.