ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində “Bir günlük Xəlifə” VİDEO
Bakı, 15 dekabr, Sevinc İsgəndərova, AZƏRTAC
Dekabrın 15-də Bakı Slavyan Universitetində (BSU) müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin ənənəvi “Bir günlük Xəlifə” layihəsi reallaşdırılıb. Bu il tələbələr arasından 32 xəlifə seçilib. Seçkilər üç mərhələdə, universitet rəhbərliyinin müdaxiləsi olmadan təşkil edilir.
AZƏRTAC xəbər verir ki, “Bir günlük Xəlifə” layihəsi BSU-da 2002-ci ildən etibarən həyata keçirilir və tələbələrdə özünüidarəetmə, işgüzarlıq kimi xüsusiyyətlərin inkişafında, onların peşə məsuliyyətini dərk etməsində önəmli rol oynayır. Həmin gün universitetin rektor, prorektor, dekan və digər rəhbər vəzifələrində tələbələr tərəfindən səsvermə yolu ilə seçilmiş xəlifələr fəaliyyət göstərir. Onlar bir gün ərzində universitetdə tədris prosesi, inzibati və sair işlərlə bağlı qərarlar qəbul edə, həmçinin yeniliklər həyata keçirə bilərlər. Xəlifələrin qəbul etdikləri qərarlar tamamilə hüquqi qüvvəyə malikdir.
Xəlifələr daha sonra “Kölgə kabineti” tərkibində bir il müddətində seçildikləri rəhbər vəzifələri davam etdirirlər.
Xəlifə günü çərçivəsində Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko universitetin I və II kurs tələbələri ilə görüşüb.
Gün ərzində bir sıra ölkələrin səfirləri ilə görüşlər və müxtəlif mövzularda “dəyirmi masa”lar təşkil edilib.