ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyasına üzv olan əməkdaşlara vəsiqələr təqdim edilib

Bakı, 10 may, AZƏRTAC 

Mayın 10-da Bakı Slavyan Universitetində (BSU) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyevin psixoloji portreti” adlı tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə Yeni Azərbaycan Partiyasının (YAP) universitet üzrə sədri, pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Axundova “Heydər Əliyev və Azərbaycan quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin siyasi portretində birləşən ali dəyərləri sadalayıb, görkəmli dövlət xadiminin Azərbaycan tarixinin keşməkeşli məqamlarında müstəqillik uğrunda yeritdiyi siyasətindən söz açıb.

Sevinc Axundova qısa vaxtda xalq arasında Ümummilli Liderin qətiyyətli dövlət siyasəti nəticəsində yaranan ruh yüksəkliyindən, milli dəyərlərin qorunub saxlanması uğrunda mübarizə əzmindən danışıb.

Sonra YAP-a yeni üzv olan BSU-nun əməkdaşlarına vəsiqələr təqdim olunub.

Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Oqtay Sadıqzadənin “Heydər Əliyevin daxili və xarici siyasəti” mövzusunda məruzəsində Ulu Öndərin neft və enerji siyasəti, onun YAP sıralarında apardığı kadr islahatı, elmin və incəsənətin Azərbaycanda inkişafı istiqamətində gördüyü işlərdən ətraflı bəhs edib.

BSU üzrə YAP Gənclər Birliyinin (GB) fəal nümayəndəsi Ayxan Əzizov “Heydər Əliyev – gənclərin himayədarı, uşaqların dostu” mövzusunda məruzəsində siyasi lider Heydər Əliyevin Azərbaycan gənclərinə qayğısından, Ulu Öndərin ölkəmizdə həyata keçirdiyi gənclər siyasətindən, təhsil istiqamətində apardığı islahatlardan bəhs edib. Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi Azərbaycan gənclərinə qayğısından ətraflı söz açıb.

Pedaqogika və psixologiya kafedrasının müəllimi Aygün Əliyeva “Heydər Əliyevin sözlə demədikləri” mövzusunda məruzə ilə çıxış edib. O, Ulu Öndərin xarici və daxili siyasətdə, o cümlədən xalqla ünsiyyətdə olarkən istifadə etdiyi jestlərin özünəməxsusluğundan söz açıb. O, dahi rəhbər Heydər Əliyev və dünya ölkələrinin prezidentlərinin çıxışlarını müqayisə edərək əsl siyasi xadim kimi Ulu Öndərin istifadə etdiyi jestlərin yerli-yerində olmasını yüksək dəyərləndirib.

Sonra pedaqogika və psixologiya kafedrasının müəllimi Nisə Abdullayeva “Heydər Əliyev ailə başçısı olaraq” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi görkəmli şəxsiyyət Heydər Əliyevin Zərifə xanım Əliyevaya bəslədiyi ülvi məhəbbətindən, onun ailəsinə olan xüsusi qayğı və diqqətindən danışıb. Heydər Əliyevlə bağlı uşaqlıq xatirələrini bölüşən Nisə Abdullayeva gəncləri Ulu Öndərin qoyub getdiyi milli-mənəvi irsi davam etdirməyə səsləyib.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov ümummilli lider Heydər Əliyevin siyasi portretində onun səmimiyyətinin əsas amil olduğunu diqqətə çatdırıb. Telman Cəfərov universitetdə, habelə ali məktəbin nəzdindəki Məktəb-Lisey Kompleksində Ulu Öndərin anadan olmasının 96-cı ildönümünə həsr olunan silsilə tədbirlər keçirildiyini bildirib.

Prorektor universitetin rəhbərliyi və kollektivinin Ümummilli Liderin doğum günü ərəfəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfərindən, Cocuq Mərcanlı kənd tam orta məktəbində BSU-nun təşkilatçılığı ilə keçirilən Ulu Öndərə həsr olunan tədbirdən də söz açıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.