ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü

Bakı, 13 oktyabr, AZƏRTAC 

Oktyabrın 13-də Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olunan I kurs tələbələri ilə tanışlıq görüşü keçirilib.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü və Azərbaycanın Milli qəhrəmanları, eləcə də universitetin şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a BSU-nun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, görüşü universitetin rektoru, professor Nurlana Əliyeva açaraq tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib. Vurğulayıb ki, tələbəlik illəri hər bir gəncin həyatında ən gözəl, maraqlı və yaddaqalan bir dövrdür. Ali təhsil müəssisələrində I kurs tələbələri ilə tanışlıq görüşünün keçirilməsi müasir dünya təcrübəsində mövcuddur. Məqsəd tələbələrə istiqamət vermək, onlarda ali təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaq, onlara tədris və imtahan prosesi barədə məlumat verməkdir. Nurlana Əliyeva tələbələrə Azərbaycanın ali təhsil sistemində xüsusi yeri və mövqeyi olan BSU-nu seçmələrinə görə təşəkkür edib, onlara yüksək səviyyəli mütəxəssis, əsl vətəndaş kimi yetişməyi tövsiyə edib.

Rektor çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri mütərəqqi siyasət nəticəsində ölkəmizdə təhsil sahəsinin inkişafı müasir çağırışlara uyğun təmin edilir. Hazırda Azərbaycanda insan kapitalının inkişafı siyasəti uğurla reallaşır. Ali təhsil insan kapitalının formalaşmasında birbaşa iştirak edən yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına, yeni biliklərin yaranmasına, tətbiqinə və ötürülməsinə xidmət edir.

Ali təhsil almaq üçün BSU-nu seçən gənclər slavyan xalqlarının dillərini, ədəbiyyatını, mədəniyyətini öyrənəcəklər.

“Biz sizin keyfiyyətli təhsil almağınız üçün hər cür şərait yaradırıq. Siz tədris prosesində aldığınız biliklərlə kifayətlənməməli, yüksək səviyyəli mütəxəssis kimi yetişmək üçün daim oxumalı, mütaliə etməli, bilik və bacarıqlarınızı artırmalı, həqiqətsevər və ədalətli vətəndaş kimi formalaşmalısınız. Siz Azərbaycanı ürəkdən sevməli, fəal və ləyaqətli vətəndaş olmalı, milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmalısınız. Universitetimizin və ölkəmizin ictimai-mədəni həyatında fəal iştirak etməyiniz olduqca vacibdir”, - deyə rektor bildirib.

O vurğulayıb ki, hazırda bütün dünya üçün ciddi təhlükə yaradan koronavirus pandemiyasına qarşı Azərbaycan dövlətinin apardığı qətiyyətli mübarizə, həyata keçirdiyi təsirli qabaqlayıcı tədbirlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən mükəmməl nümunə kimi təqdir edilir. İşğalçı və təcavüzkar Ermənistanın sentyabrın 27-dən başlayan və bu gün də davam edən növbəti hərbi təxribatı nəticəsində Azərbaycan torpaqlarında müharibə gedir. Şanlı və rəşadətli Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları keçirərək çoxlu sayda yaşayış məntəqələrimizi erməni işğalından azad edib. Hazırda BSU-nun 70-ə yaxın məzun və tələbəsi Azərbaycan Silahlı Qüvvələrinin sırasında mənfur düşmənlə vuruşur. Onların arasında yaralananlar, şəhid olanlar var. Dövlətimizin başçısının qətiyyətli, yenilməz iradəsi, müdrik və cəsarətli siyasəti xalqımızı parlaq qələbəyə, uğurlu gələcəyə aparır.

Görüş zamanı BSU-nun himni və vətənpərvər ruhlu mahnılar səsləndirilib. Həmçinin universitetin elm-təhsil və ictimai-mədəni fəaliyyəti, eləcə də tələbə həyatının maraqlı məqamlarını əks etdirən videoçarx təqdim olunub. Görüşdə yüksək balla Filologiya və xarici dil müəllimliyi fakültəsinə qəbul olunan Aytac Tağızadəyə, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinə qəbul olunan Gülər Hacıyeva və Nəzakət Bağırovaya universitetin rəhbərliyi tərəfindən hədiyyə təqdim edilib.

Tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli qəhrəmanları, şəhid məzunları guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Bolonya prosesi, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, tələbə ictimai təşkilatları, universitetin yataqxanası və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib. BSU-da yaradılmış səliqə-sahman, nizam-intizam, xoş və qayğıkeş münasibət tələbələr tərəfindən razılıqla qarşılanıb və tanışlıq görüşünün onlarda xoş təəssürat, yüksək əhval-ruhiyyə yaratdığını bildiriblər.

Görüşdə tələbə-gənclərin sualları cavablandırılıb.

Qeyd edək ki, tanışlıq görüşü BSU-nun Filologiya və xarici dil müəllimliyi, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika, Azərbaycan filologiyası fakültələrinin I tədris ili tələbələri və magistrantları ilə keçirilib. Görüş hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə, o cümlədən tibbi maskadan və əlcəkdən istifadə edilməsi, sosial məsafənin gözlənilməsi və digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb. Oktyabrın 14-də isə BSU-nun Pedaqoji, Tərcümə, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültələrində I tədris ili tələbələri, eləcə də I tədris ili magistrantları ilə də tanışlıq görüşünün keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.