ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində birinci kurs tələbələri ilə tanışlıq görüşü davam edib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Bakı Slavyan Universitetində (BSU) 2020-2021-ci tədris ilində universitetə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunan tələbələrlə tanışlıq görüşü oktyabrın 14-də də davam edib.

BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti görüş pedaqoji, tərcümə, məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültələrinin I tədris ili tələbələri ilə keçirilib. Görüşdə BSU-nun prorektorları, fakültə dekanları, dekan müavinləri, kafedra müdirləri, tədris-mədəniyyət mərkəzlərinin müdirləri, müəllimlər, tyutorlar, tələbə ictimai təşkilatlarının üzvləri iştirak ediblər. Görüş hər bir fakültə üçün əvvəlcədən müəyyən edilmiş vaxt qrafikinə, proqrama, tələbələrin fakültələr üzrə qruplar formasında iştirakına və ölkəmizdə koronavirus pandemiyası səbəbindən davam edən xüsusi karantin rejiminin tələblərinə, o cümlədən tibbi maskadan və əlcəkdən istifadə edilməsi, sosial məsafənin gözlənilməsi və digər vacib tələblərə ciddi əməl edilməklə reallaşıb.

Tədbirdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-nun foyesindəkı büstü və Azərbaycanın Milli qəhrəmanları, eləcə də universitetin şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşə önünə əklil və gül dəstələri qoyulub. Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov tələbələrə universitetin rektoru, professor Nurlana Əliyevanın salamlarını çatdırıb, onları ali məktəbə qəbul olunmaları münasibətilə təbrik edib və gələcək təhsillərində yeni-yeni nailiyyətlər arzulayıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həyata keçirdikləri məqsədyönlü səmərəli fəaliyyət nəticəsində ölkəmizdə təhsil sahəsinin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Son illər bu sahədə mühüm dövlət proqramları uğurla icra olunur və kompleks tədbirlər həyata keçirilir. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.

Qeyd olunub ki, BSU-nun ölkəmizin ali təhsil sistemində xüsusi yeri, mühüm mövqeyi var. BSU slavyan xalqlarının, həmçinin Şərqi Avropa və Balkan yarımadası ölkələrinin elmi, mədəni, mənəvi nailiyyətlərini öyrənir və tədris edir. Unikal və çoxprofilli ali təhsil müəssisəsi olan BSU-da bütövlükdə region üçün nadir sayıla bilinəcək ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər hazırlanır. BSU-da yalnız rus dili üzrə deyil, həm də ingilis, fransız, alman, bolqar, yunan, polyak, çex, Belarus dilləri üzrə mütəxəssislər hazırlanır. Azərbaycanda və dünyanın bir çox xarici ölkələrində böyük nüfuz sahibi olan görkəmli alim-mütəxəssislərin fəaliyyət göstərdikləri BSU slavyan dünyası ilə türk dünyası arasında körpü rolunu oynayır.

Diqqətə çatdırılıb ki, hazırda bütün dünya üçün böyük təhlükə yaradan koronavirus pandemiyası səbəbindən ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejiminin davam etməsi şəraitində tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin müvafiq əmr, qərar, təlimat, göstəriş, tapşırıq və tövsiyələrini əsas tutan BSU-nun kollektivi distant təhsili səmərəli təşkil edir. Sentyabrın 27-dən başlayan ermənilərin yeni hərbi təxribatlarına qarşı qəhrəmancasına döyüşən Azərbaycan Ordusunun sıralarında BSU-nun məzunları da erməni işğalçılarına qarşı igidliklə vuruşurlar. Yaralanan, şəhid olan məzunlarımız var.

Pedaqoji fakültənin dekanı, dosent Dilarə Hacıyeva, Tərcümə fakültəsinin dekanı vəzifəsini icra edən professor Kamran Hacıyev, Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinin dekanı vəzifəsini icra edən dosent Mehriban Abdullayeva tələbələri universitetə qəbul olunmaları münasibətilə təbrik edib, göstərilən diqqət və qayğıya görə universitetin rektoru, professor Nurlana Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Görüşdə yüksək balla Pedaqoji fakültəyə qəbul olunan Fidan Hüseynovaya və Səadət Əsədovaya, Tərcümə fakültəsinə qəbul olunan Nuray Orucovaya, həmçinin Məktəbəqədər təlim-tərbiyə və ibtidai sinif müəllimliyi fakültəsinə qəbul olunan Ləman Allahverdiyevaya universitetin rəhbərliyi tərəfindən hədiyyələr təqdim edilib.

Pedaqoji fakültənin I tədris ili tələbəsi Fidan Hüseynova göstərilən xoş və qayğıkeş münasibətə, yüksək səviyyədə keçirilən tanışlıq görüşünə görə universitetin rəhbərliyinə təşəkkür edib.

Görüş zamanı BSU-nun himni və milli ruhlu mahnılar səsləndirilib. Həmçinin universitetin elm-təhsil və ictimai-mədəni fəaliyyəti, eləcə də tələbə həyatının maraqlı məqamlarını əks etdirən videoçarx təqdim olunub.

Tələbələr BSU-nun Heydər Əliyev Tədris Mərkəzi, muzeyi, Azərbaycanın Milli qəhrəmanları, şəhid məzunları və tələbələri guşəsi, idman zalı, konfrans zalı, tədris-mədəniyyət mərkəzləri, təhsil alacaqları fakültələrin dekanlıqları, kafedraları, auditoriyaları, elmi-tədqiqat laboratoriyaları, universitetin əsas kitabxanası, Təlim-Treninq Mərkəzi və yeməkxanası ilə tanış olublar. Həmçinin tələbələrə bu ali təhsil müəssisəsində uğurla həyata keçirilən yeniliklər, islahatlar, layihələr, eləcə də dərsə davamiyyət, davranış qaydaları, tələbələrin hüquq və vəzifələri, Boloniya prosesi, kadr hazırlığı aparılan ixtisaslar, kredit sistemi, distant təhsil, kitabxanadan istifadə qaydaları, universitetin yataqxanası, tələbə ictimai təşkilatları və keçirilən maraqlı mədəni-kütləvi tədbirlər barədə geniş məlumat verilib. Tanışlıq görüşü tələbələrdə xoş təəssürat yaradıb.

Görüşdə tələbə-gənclərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.