ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Slavyan Universitetində (BSU) 2021-2022-ci tədris ilindən etibarən bu ali təhsil müəssisəsinin professor-müəllim heyəti, eləcə də doktorantura səviyyəsi üzrə təhsilalanların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədilə stimullaşdırıcı mexanizmlər tətbiq olunacaq.

BSU-nun Mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, Elmi şuranın qərarı ilə stimullaşdırıcı mexanizmlər elmi-tədqiqat fəaliyyətinin müəyyən bir hissəsinin dəstəklənməsi, eləcə də yüksək elmi nəticələrlə yekunlaşmış elmi-tədqiqat işlərinə ayrılmış maliyyə mükafatları şəklində müəyyən olunacaq. BSU rektorunun səlahiyyətlərini icra edən siyasi elmlər üzrə fəlsəfə doktoru Anar Nağıyevin bildirib ki, mexanizmlər bu ali təhsil müəssisəsinin elmi-tədqiqat istiqamətlərinə uyğun olaraq istər davam edən, istərsə də yekunlaşmış elmi-tədqiqat nəticələrinin mükafatlandırılmasını nəzərdə tutur. O qeyd edib ki, müvafiq mexanizmlərin icrası zamanı tədqiqatçılara istər yaş meyarlarına, istər elmi-tədqiqat işinin icra statusuna və profilinə, istərsə də elmi tədqiqatın nəzəri və praktiki əhəmiyyətinə, o cümlədən aparılacaq pedaqoji eksperimentlərin dəstəklənməsinə görə meyarların tətbiqi, eləcə də tədris ilinin müxtəlif dönəmlərində müraciət etmək imkanlarının yaradılması vacibdir.

Qərara əsasən, elmi-tədqiqat prosesinin stimullaşdırılmasının birinci mexanizmi universitetin gənc müəllim və doktorantlarını hədəfləməklə, yaşı 35-ə qədər olan tədqiqatçıların elmi-tədqiqat fəaliyyətinin dəstəklənməsi məqsədini daşıyır. Qeyd olunan kateqoriya üzrə onlar həyata keçirdikləri və ya planlşadırdıqları tədqiqat işlərinin davamı və ya yekunlaşdırılması məqsədilə qısamüddətli tədqiqat səfərləri, monoqrafiya və ya məqalə çapı, pedaqoji eksperimentlər kimi dəstəyin əldə olunması da daxil olmaqla, müxtəlif meyarlar əsasında müraciətləri təqdim edə biləcəklər.

Anar Nağıyevin bildirdiyinə görə, ikinci mexanizm vasitəsilə müvafiq tədrisi ili müddətində həyata keçirilmiş və BSU-nun elmi-tədqiqat istiqamətləri üzrə əhəmiyyətli tədqiqat nəticələri ilə yekunlaşmış, akademik heyətin peşəkar inkişafı və kadr hazırlığı işində müstəsna elmi-pedaqoji dəyər yaratmış, beynəlxalq elmmetrik bazalarda nəşr edilmiş və bu kimi digər meyarlar əsasında ölçülə bilən və seçilmiş, həmçinin müraciət olunan zamanadək yekunlaşmış maksimum üç elmi-tədqiqat işinin nəticələrinin mükafatlandırılması nəzərdə tutulur.

Elmi şuranın müvafiq qərarı ilə elmi-tədqiqat işlərinin stimullaşdırılmasını nəzərdə tutan hər iki mexanizmin tətbiqi qaydaları və şərtlərinin hazırlanması və icrasının təmin edilməsi məqsədilə BSU-nun əməkdaşları - professor Rəhilə Qeybullayevanın (yekunlaşmış elmi-tədqiqat işlərinin dəstəklənməsi mexanizmi) və dosent Sevinc Abışovanın (gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin dəstəklənməsi mexanizmi) rəhbərliyi altında müvafiq işçi qrupları yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.