ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində imtahan sessiyasının monitorinqi aparılıb
Bakı, 12 iyun, AZƏRTAC
İyunun 12-də Bakı Slavyan Universitetində (BSU) aparıcı KİV nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatları və valideynlərin iştirakları ilə 2017-2018-ci tədris ilinin yay imtahan sessiyasının monitorinqi aparılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları imtahanların keçirilmə prosesi ilə tanış olublar.
Müşahidəçilərə məlumat verilib ki, BSU rektorunun imzaladığı əmrə əsasən universitetdə imtahanlar iyunun 1-də başlanıb və 30-da başa çatacaq. Bir qayda olaraq, imtahanlar yazılı formada aparılır. İmtahanların şəffaf və obyektiv aparılması məqsədilə dekanlar, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsi ilə bağlı narazılıqların mövcud qaydada araşdırılması və həlli məqsədilə universitetdə qərargah fəaliyyət göstərir. Nəticələr imtahan başa çatdıqdan az sonra sayta yerləşdirilir. Şikayətlərə baxmaq və aşkarlanmış çatışmazlıqları operativ aradan qaldırmaq məqsədilə qərargahın nəzdində apellyasiya komissiyaları təşkil edilib.
Müşahidəçilərlə görüşən BSU-nun rektoru, professor Nurlana Əliyeva deyib: “Məqsədimiz tələbələrin biliyinin obyektiv və dəqiq qiymətləndirilməsidir. İmtahanın yüksək səviyyədə aparılması üçün universitetdə hər cür şərait yaradılıb. Hazırlığına, biliyinə güvənən gənclərin imtahanla bağlı heç bir problemləri olmur”.
Universitetdə fəaliyyət göstərən imtahan qərargahının rəhbəri, tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qərargahın səhər saat 9-dan fəaliyyət göstərdiyini bildirib. O, tələbələrin şikayətlərinə onların özlərinin və valideynlərinin iştirakı ilə baxıldığını, buraxılmış səhvlərin bir-bir izah edildiyini, bir sözlə, ədalətə və obyektivliyə tam zəmanət verildiyini diqqətə çatdırıb. “Qərargah hamının üzünə açıqdır. Valideynlər, ictimai təşkilatların nümayəndələri istənilən vaxt qərargahın işi ilə tanış ola bilərlər”, - deyə T.Cəfərov bildirib.
Tədbir iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla yanaşı, hər auditoriyaya 2-3 müəllim-əlaqələndiricinin nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini yüksək dəyərləndiriblər. Eyni zamanda, biliklərini nümayiş etdirmək üçün tələbələrə yaradılan şəraitdən razılıq ifadə olunub.