ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetində məzun günü qeyd olunub
Bakı, 22 iyul, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) məzun gününə həsr olunan tədbir keçirilib.
BSU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib.
Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva 2018-ci ili uğurlu il kimi xarakterizə edib. Bu ilin aprelində Azərbaycanda prezident seçkilərinin böyük ruh yüksəkliyi ilə keçirildiyini xatırladan rektor Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünün, Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordumuzun yaranmasının 100 illiyinin məhz 2018-ci ilə təsadüf etdiyini bildirib.
N.Əliyeva təhsillərini başa vuran gəncləri gələcək fəaliyyətlərində BSU-nun adını daim uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələrini verməyə çağırıb.
Sonra yüksək nailiyyətlərinə və universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən məzunlara “Fəxri məzun” diplomu və xatirə hədiyyələri təqdim edilib.
Məzunlar universitetdə yaradılmış şəraitə görə rektora minnətdarlıqlarını bildirib, müəllimlərin onlara göstərdikləri diqqət və qayğını yüksək dəyərləndiriblər.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, bu il BSU-da bakalavriat səviyyəsi üzrə əyani təhsil alan 701, qiyabi təhsil alan 71 tələbə və 97 magistrant məzun olub.