ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində tədbir: “Qələbə müjdəsi ilə”

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə bağlı “Qələbə müjdəsi ilə” mövzusunda tədbir keçirilib.

BSU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Şuşa şəhəri uğrunda döyüşlərdə və Qarabağ müharibəsi zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova bildirib ki, işğal zamanı Azərbaycan muğam sənətinin beşiyi olan Şuşanın yüzlərlə dini, tarixi və mədəni abidələri dağıdılıb. O, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə azad ediləcəyinə inandığını bildirib.

BSU-nun Azərbaycanşünaslıq elmi laboratoriyasının müdiri, dosent, Qarabağ müharibəsi veteranı Sadir Məmmədov erməni qəsbkarlarının törətdikləri vəhşiliklərdən danışaraq, 1988-ci ildən bəri baş verən hadisələri analiz edib. S.Məmmədov bildirib ki, erməni vandalları Şuşanın bünövrəsini qoymuş Pənahəli xanın sarayını, Cümə məscidini, Gövhər ağa məscidini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini, artilleriya generalı Mehmandarovun, dahi bəstəkar Ü.Hacıbəylinin, görkəmli müğənni Bülbülün ev-muzeylərini, İbrahim xanın qəsrini, qala divarlarını dağıdıb, şəhərin sərvətlərini, tarixi sənədləri, digər qiymətli materialları məhv ediblər.

Tədbirdə Şuşa haqqında “Şuşa öz tarixi ilə, məşhur abidələri ilə və övladları ilə” adlı film nümayiş etdirilib.

1941-1945- ci illər Böyük Vətən müharibəsində Azərbaycan xalqının şücaəti haqqında çıxış edən BSU-nun Azərbaycan tarixi və ictimai elmlər kafedrasının dosenti Ərzuman Əmirov qeyd edib ki, müharibə illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik göstərib. Qısa müddətdə qırıcı təyyarə batalyonu və özünümüdafiə dəstələri təşkil olunub, azərbaycanlı oğlan və qızlar cəbhəyə yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçib. 130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ziya Bünyadov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər yazıblar. Ərzuman Əmirov qeyd edib ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub.

BSU-nun jurnalistika fakültəsinin dosenti Mübariz Əhmədov bildirib ki, bu gün Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bir çox addımlar atılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.