ELM VƏ TƏHSİL


Bakı Slavyan Universitetində təhsil alan şəhid övladları xüsusi qayğı ilə əhatə olunublar

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 8-də Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu, BSU-nun Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi, “YAŞAT” Fondunun və “Davam” Gənclər Hərəkatının əməkdaşı Elvin Mirzəyevlə görüş keçirib.

Bu barədə AZƏRTAC-a BSU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib. Görüşdə rektor Nurlana Əliyeva bildirib ki, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük siyasi iradəsi, müdrik rəhbərliyi, sərkərdəlik məharəti, möhtəşəm diplomatiyası ilə rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində Qələbə qazandı. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü məhz bu böyük Qələbə sayəsində bərpa edildi.

Rektor qeyd edib ki, xalqımızın igid əsgər və zabitləri arasında şəhid general-mayor, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov və şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev xüsusi yer tuturlar. Qədirbilən xalqımız şəhidlərimizin xatirəsini həmişə əziz və uca tutur. Biz fəxr edirik ki, xalqımızın cəsur və vətənpərvər oğlu, şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev bu il BSU-dan məzun olacaq.

Nurlana Əliyeva vurğulayıb ki, BSU-nun 100 nəfərə yaxın məzunu Vətən müharibəsində fəal iştirak edib. Onlardan Nicat Şükürlü, Kənan Rüstəmli və Elnur Allahverdizadə şəhid olublar. BSU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbə-gəncləri və əməkdaşları daim onların xatirəsini əziz tutur. BSU-da şəhid soydaşlarımızla bağlı yaradılmış guşə də bu hörmət və ehtiramın əyani sübutudur. Həmin guşədə şəhid polkovnik, Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin və Tərcümə fakültəsinin tələbəsi Xanış Sadıqovun atası, şəhid polkovnik-leytenant Yaşar Sadıqovun da şəkilləri yer alıb. BSU-nun Azərbaycan filologiyası fakültəsinin tələbəsi, şəhid ailəsinin üzvü olan Röya Orucova, Filologiya və xarici dil müəllimliyi fakültəsinin tələbəsi, şəhid ailəsinin üzvü Pərvin Şirvani və Azərbaycan filologiyası fakültəsinin tələbəsi, şəhid ailəsinin üzvü Leyla Əsədova BSU-nun rəhbərliyinin, bütün professor-müəllim heyətinin xüsusi diqqət və qayğısını daim hiss edirlər.

Görüş zamanı rektor hazırda davam edən 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında şəhid ailələrinin üzvü olan tələbə-gənclərin qayğıları ilə maraqlanıb.

BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova universitetdə şəhid ailələrinin üzvü olan tələbələrə, həmçinin sosial baxımdan həssas əhali təbəqəsinə aid edilən ailələrin tələbə övladlarına göstərilən diqqət və qayğı barədə məlumat verib.

Səmimi və mehriban şəraitdə keçən görüşdə Elvin Mirzəyev və Tələbə Gənclər Təşkilatının sədri Cəfər Adilov tələbələr adından göstərilən diqqət və qayğıya, eləcə də yaz semestrinin imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsinə görə BSU-nun rəhbərliyinə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.