ELM VƏ TƏHSİL
Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksində riyaziyyat fənni həftəsi keçirilmişdir
Bakı, 14 fevral (AZƏRTAC). Şagirdlərin bilik və bacarıqlarının formalaşması, onlara fənn proqramında və dərsliklərdə olmayan məlumatları çatdırmaq və məktəblilərin fənlərə olan həvəs və maraqlarını artırmaq məqsədi ilə Bakı Slavyan Universitetinin məktəb-lisey kompleksinin rəhbərliyinin təşəbbüsü ilə məktəbdə fənn həftələrinin keçirilməsinə başlanılmışdır.
Məktəb-lisey kompleksindən AZƏRTAC-a bildirmişlər ki, məqsəd fənlərin tədrisi vəziyyətini daha da yüksəltmək, qabaqcıl müəllimlərin təcrübəsini öyrənmək, şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirməyə şərait yaratmaqdır.
Bildirilmişdir ki, ilk fənn həftəliyi riyaziyyat fənni ilə başlamışdır. Kompleksin riyaziyyat və informatika kafedrası tərəfindən həftə çərçivəsində keçiriləcək tədbirlər planlaşdırılmışdır.
Həftə ərzində şagirdlər riyaziyyata aid tarixi materiallar, dünyanın, o cümlədən Azərbaycanın məşhur riyaziyyatçıları, bu elmin tətbiqi sahələri haqqında məlumatlar toplamış, dərslərdə bu barədə fikir mübadilələri aparmışlar. Siniflərdə müxtəlif tipli əyləncəli məsələlər, riyazi rebuslar, krossvordlar həll olunmuş, viktorinalar, bilik yarışları təşkil edilmişdir. Dünya elminə qiymətli töhfələr vermiş azərbaycanlı alimlər – Nəsrəddin Tusi, Əbülhəsən Bəhmənyar və Lütfi-Zadənin həyat və fəaliyyəti ilə bağlı məlumatlar şagirdlərdə xüsusi maraq doğurmuşdur.