CƏMİYYƏT
Bakı-Sumqayıt avtomobil yolunun kənarında top mərmisi aşkarlanıb
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da saat 14:58-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində mərmi tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Ərazidə Bakı-Sumqayıt avtomobil yolunun kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində boş vəziyyətdə 100 millimetrlik top mərmisi (OF-412) aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı yerin ətrafında 630 kvadratmetr əraziyə baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.