İQTİSADİYYAT


Bakı-Sumqayıt yolunda yenidənqurma işləri yekunlaşır

Bakı, 4 iyun, AZƏRTAC

Yaxın günlərdə Bakı-Sumqayıt yolunda yenidənqurma işləri yekunlaşdırılacaq.

Bu barədə AZƏRTAC-a Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata görə, Bakı-Sumqayıt yolunda avtomagistralın təqribən 8-ci kilometrində yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılır. Yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.

Bundan başqa, paytaxtda şimal istiqamətindən giriş-çıxışın təkmilləşdirilməsi məqsədilə aparılan genişmiqyaslı tədbirlər çərçivəsində hazırda “Xırdalan dairəsi” istiqamətində “Masazır dairəsi”nədək yolun, həmçinin “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelinin hər bir istiqamət üzrə 2 hərəkət zolağı enində genişləndirilməsi işləri də aparılaraq yekunlaşdırılır. Hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələri çıxarılıb və yeni yol yatağı inşa edilib. Zəruri olan ərazilərdə yol kənarlarında yeni istinad divarları inşa edilib, genişləndirilmiş hissələrdə yol əsası işlənilərək yeni asfalt-beton örtüyü döşənib. Analoji genişləndirmə işləri “Xırdalan dairəsi”nin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilir. Bunun üçün ərazidə dəmir-beton svaylar vurularaq tunellərin divarları inşa edilib. Artıq tunelə gələn yolda, həmçinin tunelin qapalı hissəsində qazıntı işləri yekunlaşdırılıb. Hazırda tunelin divarlarının üzlənməsi işləri aparılıb, qazılmış və genişləndirilmiş ərazilərdə yeni yol yatağı inşa olunur.

Yenidənqurma işləri zamanı “Xırdalan dairəsi”nə qalxan və düşən hissələrdə 2 hərəkət zolağı enində yerli yolların inşası da yekunlaşmaq üzrədir. Genişləndirmə işləri zamanı tikinti altına düşən kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi təmin olunub, yaşayış və qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi işləri isə tamamlanır. Yenidənqurma və genişləndirmə işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.