REGİONLAR
Bakı-Şuşa-Bakı avtobusunun sərnişinləri Şuşadan yüksək təəssüratla ayrılıblar FOTO VİDEO
Şuşa, 29 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Bakı-Şuşa-Bakı marşrutu ilə hərəkət edən növbəti sərnişin avtobusu yanvarın 29-da Şuşa şəhərinə gəlib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, saat 13 radələrində Şuşaya çatan avtobusda 45 sərnişin olub. Sərnişinlər şəhərin mərkəzi meydanında Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Şuşa Şəhəri Polis Şöbəsinin əməkdaşları tərəfindən qarşılanıblar. Onlar Şuşa qalası, Natəvan bulağı, Şuşanın mərkəzi meydanında Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün güllələnmiş heykəlləri, Yuxarı Gövhər Ağa məscidi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Cıdır düzü kimi tarixi məkanları ziyarət edib, mədəniyyət paytaxtı elan olunan Şuşa şəhəri ilə əyani tanış olublar. Sərnişinlərə getdikləri tarixi məkanlar haqqında, eləcə də erməni vandalizmi barədə məlumat verilib.
Səfər iştirakçıları təəssüratlarını AZƏRTAC ilə bölüşüblər. Vətən müharibəsi iştirakçısı Telman Abbasov deyib: “Vətən müharibəsi zamanı bu yerlərə döyüşə-döyüşə gəlmişdik. Şəhidlərimiz, yaralılarımız oldu. İşğaldan azad edilmiş torpaqlara yenidən ayaq basmaq tamam başqa bir hissdir. Fəxr edirəm, qürur hissi keçirirəm ki, Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bu gün də turist kimi buraya gəlmişəm”.
Əfqan Əsədov: “Həmişə bu torpaqları gəlib görməyi, Cıdır düzündə gəzməyi arzu edirdim. Xəyalıma belə gətirməzdim ki, bu arzularım tezliklə reallaşacaq. Bu sevinci bizə nəsib edən Ali Baş Komandana, ordumuza minnətdarlığımı bildirirəm. Bülbülün ev-muzeyində, Şuşa qalasında və digər tarixi məkanlarda olduq. Səfərdən razıyıq. Təəssüratlarımız çox yüksəkdir. Səfərin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Şuşa ilə tanış olan Bakı-Şuşa-Bakı avtobusunun sərnişinləri bu qədim diyardan yüksək təəssüratla ayrılıblar.