İQTİSADİYYAT
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir
Bakı, 7 mart (AZƏRTAC). Regionun tranzit imkanlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işləri sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində nəqliyyat naziri Ziya Məmmədov demişdir.
Z.Məmmədov bildirmişdir ki, hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən və uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.